Azərbaycanda ətraf mühitin mühafizəsi sektoruna ayrılan dövlət büdcəsi vəsaitlərinin növbəti illərdə artması gözlənilir.
Monetar.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu sektor üzrə xərclərin 2027-ci ildəki 438,6 milyon manatdan 2030-cu ildə 460,6 milyon manata yüksələcəyi proqnozlaşdırılır.
Ortamüddətli büdcə proqnozlarına əsasən, ətraf mühitin mühafizəsi xərcləri 2028-ci ildə 458,8 milyon manat, 2029-cu ildə isə 458,8 milyon manat təşkil edəcək.
Beləliklə, 2027–2030-cu illərdə sektor üzrə xərclərin 22 milyon manat və ya təxminən 5% artması nəzərdə tutulur.
İqlim dəyişikliyinə qarşı mübarizə məqsədinə uyğun xərclərin daha sürətli artması diqqət çəkir. Bu istiqamət üzrə vəsaitin 2027-ci ildə 63,6 milyon manat, 2028-ci ildə 85,1 milyon manat, 2029-cu ildə 85,3 milyon manat, 2030-cu ildə isə 87,1 milyon manat olacağı proqnozlaşdırılır.
Beləliklə, iqlim dəyişikliyinə qarşı mübarizə məqsədinə uyğunlaşdırılan xərclər 2027–2030-cu illərdə 23,5 milyon manat və ya təxminən 36,8% artacaq.
Bununla yanaşı, təmiz su və sanitariya məqsədi üzrə illik 4,42 milyon manat, məsuliyyətli istehlak və istehsal məqsədi üzrə isə 62,5 milyon manat vəsait nəzərdə tutulur.
