Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, avrozonada inflyasiya təzyiqini nəzarətdə saxlamaq üçün Avropa Mərkəzi Bankı (AMB) 2026-cı ilin sonunadək uçot dərəcəsini ən azı bir dəfə də 25 baza bəndi, yəni 0,25 faiz bəndi artırmalı olacaq.
Fondun cümə günü yaydığı açıqlamaya əsasən, ABŞ və İsrailin İranla münaqişəsi fonunda enerji daşıyıcılarının qiymətlərində baş verən kəskin artım avrozonada inflyasiya risklərini gücləndirib. AMB bu vəziyyətə reaksiya olaraq iyun və sentyabr iclaslarında faiz dərəcələrini hər dəfə 25 baza bəndi yüksəldib.
BVF-nin Avropa regionu üzrə müntəzəm analitik hesabatında qeyd olunur ki, 2026-cı ildə bazis inflyasiyanın sabitləşdirilməsi üçün əsas faiz dərəcəsinin əlavə olaraq ən azı 25 baza bəndi artırılması tələb oluna bilər.
Fondun qiymətləndirməsinə görə, 2026-cı ildən sonrakı dövrdə pul-kredit siyasəti makroiqtisadi göstəricilərin dinamikasına uyğun müəyyənləşdirilməlidir. Bununla belə, inflyasiyanın 2028-ci ilədək 2 faizlik hədəfə qaytarılması üçün faiz dərəcələrinin gələcəkdə də artırılması gündəmə gələ bilər.
BVF enerji qiymətlərinin yüksəlməsinin yaratdığı təzyiqlərlə yanaşı, avrozona hökumətlərinin əhaliyə və biznesə təqdim etdiyi maliyyə dəstəyi tədbirlərinin də inflyasiyaya təsirinə diqqət çəkib. Fond xəbərdarlıq edir ki, enerji xərclərinin artımını kompensasiya etmək məqsədilə ayrılan subsidiyalar və digər büdcə dəstəyi tədbirləri düzgün hədəflənmədikdə, mərkəzi bankın inflyasiyanı azaltmaq səyləri ilə ziddiyyət yarada bilər.
Belə tədbirlər tələbi artıraraq qiymət artımını daha da sürətləndirə və inflyasiyanın 2 faizlik hədəfə qaytarılmasını çətinləşdirə bilər.
MONETAR.AZ