Bu gün, oktyabrın 20-də Zəngilan Şəhəri Günü qeyd olunur. 2020-ci ilin bu günündə Zəngilan şəhəri və rayonun bir sıra yaşayış məntəqələri işğaldan azad edilib. Hazırda rayonda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Monetar.az xəbər verir ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da işğal olunub. 27 illik işğaldan sonra Azərbaycan Ordusunun Vətən müharibəsində həyata keçirdiyi əməliyyatlar nəticəsində rayon azad edilib.
2020-ci il oktyabrın 20-də Prezident İlham Əliyev Zəngilan şəhərinin, eləcə də Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlı kəndlərinin azad edildiyini elan edib. Həmin gün Mincivan, Ağbənd və Bartaz qəsəbələri də işğaldan azad olunub.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, Zəngilan şəhərinin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi təsis edilib.
İşğaldan azad edildikdən sonra Zəngilanda infrastrukturun bərpasına və əhalinin doğma torpaqlarına qayıdışına başlanılıb.
2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub. Həmin ilin mayında Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi istifadəyə verilib, iyul ayında isə kəndə sakinlərin köçürülməsinə başlanılıb.
Hazırda Zəngilan şəhərində yaşayış komplekslərinin tikintisi, sosial infrastrukturun yaradılması və digər quruculuq işləri davam etdirilir. Şəhərdə Zəngilan Konqres Mərkəzi Kompleksi açılıb, Cahangirbəyli Su Elektrik Stansiyası istismara verilib və yeni məscid inşa olunub.
Zəngilanın bərpası Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, bölgədə iqtisadi fəallığın artırılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı baxımından mühüm əhəmiyyət daşıyır.