“Uber Technologies” şirkəti Londonun ənənəvi qara taksi sürücüləri və iki keçmiş nəqliyyat operatoru tərəfindən qaldırılmış, ümumi dəyəri 340 milyon funt sterlinq (453 milyon dollar) olan iki əlaqəli məhkəmə iddiasının rədd edilməsinə nail olub.
İddialar 2024-cü ildə təxminən 13 min London taksi sürücüsü və fəaliyyətini dayandırmış iki nəqliyyat şirkəti tərəfindən irəli sürülüb. Sürücülərin tələblərinin dəyəri təxminən 200 milyon funt sterlinq qiymətləndirilirdi.
İddiaçılar “Uber”in Londonun Nəqliyyat İdarəsindən (Transport for London — TfL) fəaliyyət lisenziyası alarkən yanlış və qeyri-dəqiq məlumatlar təqdim etdiyini iddia edirdilər. Onların fikrincə, bu, bazarda haqsız rəqabətə səbəb olub və ənənəvi taksi sürücülərinə ciddi maliyyə zərəri vurub.
“Uber” isə ittihamları rədd edərək, iddiaların qanunla müəyyən edilmiş müddətdən sonra qaldırıldığını bildirib. Şirkətin müdafiəsi Böyük Britaniya qanunvericiliyində bu tip mülki iddialar üçün nəzərdə tutulan altıillik iddia müddətinə əsaslanıb.
London Yüksək Məhkəməsi şirkətin müraciətini təmin edərək, iddiaların müddətinin keçməsi səbəbindən rədd edilməsi barədə qərar çıxarıb. Qərarın tam mətninin daha sonra dərc olunacağı bildirilir.
Qərar “Uber”in Londondakı fəaliyyəti ilə bağlı uzun müddətdir davam edən hüquqi mübahisələrdən biri üzrə mühüm mərhələdir. Bununla belə, məhkəmə iddiaları müddət əsasında rədd etdiyindən, bu qərar özlüyündə iddiaçıların irəli sürdüyü ittihamların mahiyyəti üzrə qiymətləndirilməsi demək deyil.
MONETAR.AZ