Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 27 il ötür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından

30 aprel Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xüsusi yer tutan Xüsusi Təyinatlı Qüvvələrin yaranma günüdür. 1999-cu ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Ordusunun ən çevik və döyüş qabiliyyətli bölmələrindən biri yaradılıb.

Xüsusi Təyinatlı Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal rol oynayıblar. Ümummilli liderin təşəbbüsü ilə vahid komandanlıq altında birləşdirilən bu bölmələr Türkiyə Silahlı Qüvvələri və onun xüsusi təyinatlı qüvvələri ilə sıx əməkdaşlıq şəraitində formalaşdırılıb.

Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti əlbəyaxa döyüş, kəşfiyyat, düşmən arxasında fəaliyyət, ekstremal şəraitdə sağ qalma, mühəndis və atəş hazırlığı, psixoloji dözümlülük, desant əməliyyatları, sualtı əməliyyatlar, tibbi hazırlıq, eləcə də asimmetrik döyüş üsulları üzrə hazırlıq keçir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrə xüsusi diqqət yetirir. Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edərək ABŞ, Türkiyə və Pakistan kimi ölkələrdə təşkil olunan yarışlarda dəfələrlə fərqləniblər.

Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti 2016-cı ilin Aprel döyüşləri zamanı müxtəlif döyüş əməliyyatlarını uğurla yerinə yetirərək, dörd il sonra əldə olunan tarixi Qələbənin əsasını qoyub. Vətən müharibəsi dövründə isə hərbi tariximizə yeni qəhrəmanlıq səhifələri yazan xüsusi təyinatlı hərbi qulluqçular mühüm əməliyyatların, xüsusilə Şuşa şəhərinin azad olunması əməliyyatının həyata keçirilməsində həlledici rol oynayıblar. Onların yüksək peşəkarlığı, vətənpərvərliyi və fədakarlığı qələbəmizi təmin edib.

Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə görə Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları dövlət başçısının sərəncamlarına əsasən “Azərbaycanın Milli Qəhrəmanı” və “Vətən Müharibəsi Qəhrəmanı” kimi fəxri adlara, eləcə də orden və medallara layiq görülüblər.