Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Bu gün I və IV ixtisas qrupları üzrə

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 12-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci cəhdini keçirəcək. Eyni zamanda, III ixtisas qrupu üzrə həm DT, həm də TC altqruplarını seçən abituriyentlər üçün coğrafiya fənni üzrə ikinci cəhd imtahanı da təşkil olunacaq.

DİM-in məlumatına görə, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmaz şəhər və rayonlarında keçiriləcək.

İmtahan saat 10:00-da başlayacaq. Saat 09:45-də buraxılış prosesi başa çatacaq və bu vaxtdan sonra imtahan binasına gələn iştirakçılar içəri buraxılmayacaqlar.

Abituriyentlərin imtahan binalarına rahat daxil olmaları üçün hər iştirakçı üçün fərqli giriş vaxtı müəyyən edilib. DİM iştirakçılara buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasına gəlməyi tövsiyə edir.

İmtahana gələn iştirakçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • imtahana buraxılış vərəqəsi;
  • şəxsiyyəti təsdiq edən sənədin əsli.

Azərbaycan vətəndaşları, o cümlədən 16 yaşı tamam olmayan iştirakçılar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqəsini, qaçqın statusu almış şəxslər isə müvafiq qaçqın vəsiqəsini təqdim etməlidirlər.

Şəxsiyyət vəsiqəsində fotoşəkli olmayan iştirakçılar isə əlavə olaraq təhsil müəssisəsi tərəfindən verilmiş, üzərinə 3×4 sm ölçüdə fotoşəkil yapışdırılmış və möhürlə təsdiqlənmiş arayışı da özləri ilə gətirməlidirlər.

İmtahanların təşkili üçün ölkə üzrə 153 imtahan binası və 2 658 imtahan zalı ayrılıb. Prosesə 153 ümumi imtahan rəhbəri, 429 imtahan rəhbəri, 3 304 nəzarətçi, 482 buraxılış rejimi əməkdaşı və 153 bina nümayəndəsi cəlb olunub.

Bugünkü imtahanlarda I ixtisas qrupu üzrə 24 997, IV ixtisas qrupu üzrə 5 302, III ixtisas qrupu üzrə coğrafiya fənni imtahanında isə 6 057 nəfər olmaqla, ümumilikdə 36 356 abituriyentin iştirakı gözlənilir.

İmtahanda, həmçinin 65 sağlamlıq imkanları məhdud abituriyent iştirak edəcək. Onların rahat imtahan vermələri üçün xüsusi zallar ayrılıb, görmə məhdudiyyətli iştirakçılar üçün fərdi nəzarətçilər təyin olunub, hərəkət məhdudiyyəti olan şəxslərin bina və zallara rahat girişini təmin etmək üçün müvafiq şərait yaradılıb. Bununla yanaşı, bu iştirakçılarla işləyəcək nəzarətçilər xüsusi hazırlıq keçiblər.