Misir Mərkəzi Bankının açıqladığı məlumata əsasən, ölkənin cari əməliyyatlar hesabının defisiti 2026-cı ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 milyard dollardan 5,1 milyard dollara yüksəlib.
Hesabat dövründə xalis birbaşa xarici investisiya axını isə cüzi azalaraq 3,8 milyard dollardan 3,7 milyard dollara enib.
Mərkəzi Bankın bildirdiyinə görə, defisitin genişlənməsinin əsas səbəbi xarici ticarət balansındakı mənfi saldonun artması olub. Bununla belə, bu mənfi təsir xaricdən daxil olan pul köçürmələrinin, turizm gəlirlərinin və Süveyş kanalından əldə olunan gəlirlərin artımı hesabına qismən kompensasiya edilib.
Belə ki, xaricdə çalışan Misir vətəndaşlarının ölkəyə göndərdiyi pul köçürmələri bir il əvvəlki 9,3 milyard dollardan 12,8 milyard dollara yüksəlib.
Turizm gəlirləri də artım nümayiş etdirərək 3,8 milyard dollardan 4,2 milyard dollara, Süveyş kanalından əldə olunan daxilolmalar isə 800 milyon dollardan 1 milyard dollara çatıb.
Xarici ticarətdə isə enerji məhsulları üzrə həm idxal, həm də ixrac artıb. Hesabat rübündə neft idxalı ötən ilin eyni dövründəki 4,8 milyard dollardan 5,7 milyard dollara, neft ixracı isə 1,2 milyard dollardan 1,6 milyard dollara yüksəlib.
Məlumatlar göstərir ki, turizm, pul köçürmələri və Süveyş kanalından əldə olunan gəlirlərdə müsbət dinamika müşahidə olunsa da, idxalın daha sürətlə artması nəticəsində Misirin xarici balansında təzyiqlər güclənməkdə davam edir.
MONETAR.AZ