Bakıda iyulun 11-də keçirilən genişmiqyaslı təmizlik aksiyası çərçivəsində paytaxt və qəsəbələrdə küçələrin yuyulması, yaşıllıqlara qulluq göstərilməsi və ərazilərin tozdan təmizlənməsi istiqamətində kommunal işlər həyata keçirilib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətləri tərəfindən şəhərin və qəsəbələrin 544 küçəsi və məhəllədaxili yolları xüsusi yuyucu vasitələrdən istifadə olunmaqla yuyulub.
Eyni zamanda, küçə və yol kənarlarında, həyət və məhəllələrdə toplanan toz və çirkab təmizlənib, mövcud yaşıllıq zolaqlarına qulluq göstərilib.
Paytaxtın bütün rayonlarını əhatə edən təmizlik tədbirlərinin Bakı şəhərində sanitar vəziyyətin yaxşılaşdırılmasına və şəhər mühitinin daha səliqəli saxlanılmasına xidmət etdiyi qeyd olunub.