İraqın baş naziri neft-qaz sazişləri üçün Vaşinqtona səfər edəcək

İraqın baş naziri neft-qaz sazişləri üçün Vaşinqtona

İraqın baş naziri ABŞ ilə strateji tərəfdaşlığı gücləndirmək məqsədilə sabah Vaşinqtona səfər edəcək. Səfər çərçivəsində neft və qaz sektorunda bir sıra mühüm sazişlərin imzalanması nəzərdə tutulur.

Hökumətin rəsmi nümayəndəsi Heydər əl-Abudinin sözlərinə görə, proqram çərçivəsində neft-qaz sahəsində bir neçə anlaşma memorandumu imzalanacaq. İraq hökuməti ölkənin neft hasilatı potensialını artırmaq məqsədilə bir sıra Amerika şirkətlərini layihələrə cəlb etməyi planlaşdırır.

İraqın rəsmi dövlət informasiya agentliyinin yaydığı məlumata əsasən, nəzərdə tutulan sazişlər həmçinin ölkənin Hörmüz boğazından asılılığının azaldılmasına xidmət edəcək alternativ neft ixrac marşrutlarının inkişafını da əhatə edir.

İraq, Fars körfəzinin digər neft istehsalçısı ölkələri kimi, ABŞ ilə İran arasında baş vermiş hərbi qarşıdurma zamanı Hörmüz boğazında yaranan ciddi nəqliyyat məhdudiyyətləri səbəbindən neft ixracı və büdcə gəlirləri üzrə əhəmiyyətli risklərlə üzləşmişdi.

Vaşinqton səfəri iki ölkə arasında iqtisadi, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi istiqamətində atılan addımların davamı kimi qiymətləndirilir. Eyni zamanda, İraq regionda davam edən geosiyasi gərginlik fonunda həm ABŞ, həm də qonşu İranla münasibətlərdə balanslı siyasətini qorumağa çalışır.

MONETAR.AZ