Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək. İclasın gündəliyinə 12 məsələ daxil edilib. Müzakirəyə bir sıra qanun layihələri və qanunvericiliyə dəyişikliklər çıxarılacaq.
Monetar.az xəbər verir ki, gündəlikdə dövlət satınalmaları, cinayət qanunvericiliyi, əmək münasibətləri, hərbi xidmət və aqrar sahə ilə bağlı məsələlər yer alıb.
Deputatlar “Dövlət satınalmaları haqqında” qanuna, Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləyə dəyişiklik layihələrini üçüncü oxunuşda müzakirə edəcəklər. Əmək Məcəlləsi və “Aviasiya haqqında” qanuna dəyişikliklər isə ikinci oxunuşda gündəliyə daxil edilib.
İclasda “Aqrar sahə haqqında” qanun layihəsinin, eləcə də “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi nəzərdə tutulur.
Gündəliyə həmçinin Hesablama Palatasının auditorunun təyin edilməsi, hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişikliklər, texniki tənzimləmə, qiymətli kağızlar bazarı və icra prosedurları ilə bağlı məsələlər daxildir.
Bundan başqa, Mülki Məcəlləyə, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlara dəyişiklik layihələri də müzakirə ediləcək.