Klod Monenin "Süsənlər" əsəri 50 milyon avroya satılıb

Klod Monenin "Süsənlər" əsəri

Fransız rəssamı Klod Monenin "Süsənlər" tablosu Parisdə keçirilən «Sotheby's» hərracında 50 milyon avroya satılıb. Komissiya haqqı daxil olmaqla ödənilən bu məbləğ Fransada hərracda satılan incəsənət əsərləri arasında rekord göstəricidir. Bu barədə «BFMTV» hərrac evinin məlumatlarına istinadən xəbər verir.

Hərracdan əvvəl əsərin dəyəri 22–30 milyon avro arasında qiymətləndirilirdi. Sentyabr ayında «Sotheby's» bu qiymətləndirməni Fransada keçirilən hərraclarda rəngkarlıq əsərləri üçün müəyyən edilmiş ən yüksək ilkin qiymət hesab etmişdi.

Hündürlüyü 1,6 metr, eni isə 1,8 metr olan tablo ictimaiyyətə ilk dəfə nümayiş etdirilib. Əsər indiyədək Şlyumberje ailəsinin Parisdəki malikanəsində saxlanılıb və geniş ictimaiyyətə yalnız ağ-qara fotoşəkillər vasitəsilə məlum olub.

«Sotheby's France» hərrac evinin modern və müasir incəsənət departamentinin həmdirektoru Toma Bomparın sözlərinə görə, tablonu Monenin qohumlarından Jann Şlyumberje (1889–1983) alıb. Bompar onu parlaq kolleksioner kimi xarakterizə edib.

Həmin gün dünyanın iki ən böyük hərrac evindən biri olan «Christie's» də hərrac keçirib. Hərrac evinin komissiya haqqı daxil olmaqla ümumi satış məbləği 41,6 milyon avro təşkil edib. Bu məbləğə 26 incəsənət əsərinin satışı daxildir.

Klod Monenin «Purvildə qayalıq kənarı» adlı mənzərəsi 12,7 milyon avroya, rəssamın «Üç dibçək lalə» əsəri isə 3,1 milyon avroya satılıb.

MONETAR.AZ