Dövlət satınalmaları haqqında qanuna dəyişiklik edilib

Dövlət satınalmaları haqqında qanuna dəyişiklik

Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında "Dövlət satınalmaları haqqında" qanuna dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib.

Dəyişiklik layihəsinə əsasən, satınalan təşkilat tərəfindən icra və ya avans təminatının təqdim edilməsinin obyektiv olaraq mümkün olmadığı müəyyən edilən hallarda, qeyri-rezident hüquqi və ya fiziki şəxslərin bu təminatları təqdim etmək öhdəliyindən azad olunması və ya bu tələbdən azad edilməsindən imtina edilməsi ilə bağlı hüquqi mexanizmin yaradılması nəzərdə tutulur.

Müzakirələr zamanı bildirilib ki, dövlət xəzinədarlığı vasitəsilə büdcə təşkilatlarının xarici təchizatçılardan satın aldıqları mal, iş və xidmətlər üzrə kreditor borclarının ödənilməsi zamanı bəzi satınalma müqavilələrində xarici təchizatçılardan icra və ya avans təminatı tələb olunur. Lakin bir sıra hallarda həmin təminatların təqdim edilməsi mümkün olmur.

Mövcud qanunvericilikdə bu hallarla bağlı istisna mexanizmi nəzərdə tutulmadığından, icra və ya avans təminatının təqdim edilməməsi xəzinədarlıq orqanlarının ödənişləri həyata keçirməsinə mane olur və nəticədə müvafiq mal, iş və xidmətlərin satın alınması baş tutmur.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum nəzarət orqanının və aidiyyəti dövlət orqanının təklifləri əsasında qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və ya avans təminatı təqdim etmək öhdəliyindən azad edilməsi və ya bundan imtina olunması barədə qərar qəbul edəcək.

Dəyişikliklərin qəbul edilməsi nəticəsində, xüsusilə bir mənbədən satınalma metodunun tətbiq olunduğu və qeyri-rezident təchizatçılar tərəfindən icra və ya avans təminatının təqdim edilməsinin mümkün olmadığı hallarda, büdcə təşkilatlarının həmin təchizatçılar qarşısında öhdəliklərinin yerinə yetirilməsi zamanı dövlət xəzinədarlığında yaranan çətinliklərin aradan qaldırılması hədəflənir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.