Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, eləcə də "Sosial sığorta haqqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlara təklif edilən dəyişikliklər birinci oxunuşda qəbul edilib.
Dəyişikliklərə əsasən, gəlir əldə etmək məqsədilə həyata keçirilən elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor (R&D) işlərinə çəkilən xərclər, əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması, quraşdırılması, eləcə də digər kapital xarakterli xərclər istisna olmaqla, vergitutulan gəlirdən çıxılacaq.
Bununla yanaşı, vergi ödəyicilərinin innovasiya məhsullarının hazırlanması çərçivəsində birbaşa həyata keçirdikləri və ya "Startap" şəhadətnaməsi almış şəxslərə, texnologiyalar parklarının rezidentlərinə, ali təhsil və elmi-tədqiqat müəssisələrinə sifariş etdikləri elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işləri üzrə nağdsız qaydada çəkilən əməliyyat xərcləri (əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması istisna olmaqla) 2,5 əmsalı tətbiq edilməklə, yəni faktiki xərcin 250%-i həcmində, həmin hesabat ili üzrə vergitutulan gəlirdən (mənfəətdən) çıxılacaq.
Qanun layihəsinə əsasən, sifarişçi ilə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərini icra edən tərəf qarşılıqlı surətdə asılı şəxslər olduqda, bu güzəştli əmsal həmin əməliyyatlara tətbiq edilməyəcək.
Elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor xərclərinə aşağıdakılar aid ediləcək:
- bu fəaliyyətlərdə birbaşa iştirak edən işçilərin əməkhaqqı, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları;
- sınaq və eksperimentlər zamanı istifadə olunan xammal, material və ləvazimatların dəyəri;
- layihə çərçivəsində uyğunluğu qiymətləndirən qurumlar tərəfindən göstərilən sınaq, sertifikatlaşdırma və ekspertiza xidmətlərinin dəyəri;
- yalnız elmi-tədqiqat və təcrübə-konstruktor işlərində istifadə olunan maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə hesablanan amortizasiya ayırmaları.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.