Hörmüz boğazından yan keçən neft boru kəmərini genişləndirmək planlaşdırılır

Hörmüz boğazından yan keçən neft boru kəmərini

Reuters agentliyinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, Səudiyyə Ərəbistanı Qırmızı dəniz sahillərinə uzanan "Şərq–Qərb" neft boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması imkanlarını nəzərdən keçirir. Layihənin həyata keçirilməsi krallığa və potensial olaraq digər Körfəz ölkələrinə Hörmüz boğazından yan keçməklə daha böyük həcmdə neft ixrac etməyə şərait yarada bilər.

1980-ci illərin əvvəllərində istifadəyə verilən "Şərq–Qərb" neft kəməri fevral ayında İran ətrafında başlayan hərbi qarşıdurma və Hörmüz boğazında gəmiçiliyin məhdudlaşması fonunda strateji əhəmiyyət qazanıb.

Dövlət neft şirkəti "Saudi Aramco"nun baş icraçı direktorunun may ayında verdiyi məlumata əsasən, boru kəməri Qırmızı dənizdə yerləşən Yanbu limanına sutkada 7 milyon barrelədək neft nəql etmək gücünə malikdir. Bu həcmin təxminən 2 milyon barreli ölkənin qərb sahilindəki neft emalı zavodlarına yönəldilir, 5 milyon barreli isə ixrac olunur.

Mənbələrin bildirdiyinə görə, Səudiyyə Ərəbistanı regionun bəzi ölkələri ilə kəmərin ötürücülük qabiliyyətinin sutkada əlavə 2 milyon barrel artırılması imkanlarını müzakirə edir. Bunun mövcud infrastrukturun modernləşdirilməsi, yoxsa yeni boru kəmərinin inşası hesabına həyata keçiriləcəyi hələ dəqiqləşdirilməyib. Variantlardan biri kimi neft məhsullarının daşınması üçün ikinci xəttin çəkilməsi də nəzərdən keçirilir.

Hazırda Küveyt, Bəhreyn və Qətərin Hörmüz boğazını alternativ marşrutla əvəz edə biləcək boru kəməri infrastrukturu yoxdur. İraqın Türkiyə istiqamətində uzanan ixrac kəməri isə uzunmüddətli mübahisələr və fasilələr səbəbindən tam gücü ilə fəaliyyət göstərmir.

Kuwait Petroleum Corporation şirkətinin baş icraçı direktoru şeyx Nəvaf əs-Sabah ötən ay bildirib ki, Küveyt Səudiyyə Ərəbistanı və BƏƏ ilə Küveyt neftinin onların boru kəmərləri vasitəsilə nəqli imkanlarını müzakirə edir.

Sənaye mənbələrinin qiymətləndirməsinə görə, genişləndirmə layihəsi sutkada 1–2 milyon barrel əlavə ötürücülük qabiliyyəti yarada bilər. Layihənin reallaşdırılması bir neçə il çəkə, milyardlarla dollar investisiya tələb edə və Səudiyyə Ərəbistanının neft qiymətlərinin formalaşdırılması mexanizmlərində müəyyən dəyişikliklərə səbəb ola bilər.

İranın Hörmüz boğazını blokadaya alması nəticəsində Körfəz ölkələri gündəlik təxminən 12 milyon barrel hasilatı dayandırmağa məcbur olmuş və bu, qlobal neft qiymətlərinin kəskin yüksəlməsinə gətirib çıxarmışdı. ABŞ və İran arasında ötən ay əldə olunan ilkin razılaşmadan sonra tədarük qismən bərpa olunsa da, həcmlər hələ də müharibədən əvvəlki səviyyədən aşağı qalır.

Bu dövrdə İraqda gündəlik neft hasilatı may ayında 4,3 milyon barreldən 1,5 milyon barreldən aşağı səviyyəyə enib. Küveyt mart ayında fors-major elan edib, Bəhreyndəki "Sitra" neft emalı zavodu isə bir neçə dəfə raket hücumlarına məruz qalıb.

Londonda yerləşən Hardcastle Advisory konsaltinq şirkətinin eksperti Zeyd Belbaqi bildirib ki, Səudiyyə Ərəbistanı, Küveyt və Qətərin iştirakı ilə yeni boru kəməri marşrutlarının müzakirəsi regionun yalnız Hörmüz boğazından asılı qalmasının yaratdığı riskləri azaltmaq məqsədi daşıyır.

Sənaye nümayəndələrindən biri isə hesab edir ki, Səudiyyə Ərəbistanının bu təşəbbüsü müharibədən sonrakı dövrdə Ər-Riyad və Əbu-Dabi arasında neft hasilatının artırılması uğrunda yeni rəqabət mərhələsinin başlanğıcı ola bilər ki, bu da perspektivdə qlobal bazarda neft qiymətlərinə aşağı istiqamətli təzyiq göstərə bilər.

MONETAR.AZ