ADY: İyunda yükdaşımaların həcmi artıb

ADY: İyunda yükdaşımaların həcmi

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) cari ilin iyun ayı üzrə yükdaşıma göstəricilərində əhəmiyyətli artım qeydə alınıb.

ADY-dən AZƏRTAC-a bildirilib ki, iyun ayında dəmir yolu ilə 1,6 milyon tondan çox yük daşınıb. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur.

Məlumata görə, hesabat dövründə tranzit yükdaşımalarının həcmi 707 min tonu ötərək ötən ilin müvafiq ayının göstəricisini 38 faiz üstələyib.

Qeyd olunub ki, tranzit daşımalarında ən yüksək artım Şərq-Qərb nəqliyyat dəhlizi və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə qeydə alınıb. Belə ki, Şərq-Qərb dəhlizi üzrə daşımaların həcmi 67 faiz artaraq 448 min 96 tona, Şimal-Cənub istiqaməti üzrə isə 48 faiz artaraq 47 min 240 tona çatıb.