Azərbaycanda yeni taxıl sortlarının yaradılması müddətinin əhəmiyyətli dərəcədə azaldılması istiqamətində mühüm addımlar atılır. Bitkiçiliyin mövsümi xarakter daşıması fonunda seleksiya prosesinin sürətləndirilməsi zərurəti artdığından, hazırda Əkinçilik Elmi-Tədqiqat İnstitutunda beynəlxalq standartlara uyğun seleksiya və fundamental tədqiqatların aparılmasına imkan verən nəsilartırma (generasiya) otaqları fəaliyyət göstərir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, bu otaqlarda kənd təsərrüfatı bitkilərinin genetik ehtiyatlarında abiotik və biotik stres amillərinin təsiri nəticəsində baş verən fizioloji, biokimyəvi və digər dəyişikliklər araşdırılır. Eyni zamanda, sürətli seleksiya metodlarının tətbiqi hesabına klassik sort yaradılması müddəti əhəmiyyətli dərəcədə qısaldılır.
Məlumata görə, qlobal iqlim dəyişikliyi şəraitində aparılan tədqiqatlar sayəsində əvvəllər 12–15 il tələb edən yeni sortların yaradılması müddəti 5–6 ilə enəcək. Bu isə ölkədə taxılçılıq sahəsində yeni sortlara olan tələbatın daha operativ şəkildə qarşılanmasına imkan verəcək.
Nazirlik qeyd edib ki, qlobal istiləşmə fonunda yüksək məhsuldarlığa, rəqabətqabiliyyətliliyə və dəyişən iqlim şəraitinə yüksək adaptasiya qabiliyyətinə malik kənd təsərrüfatı bitkilərinin yaradılması strateji əhəmiyyət daşıyır. Bu məqsədlə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda ərzaq təhlükəsizliyinin təmin olunması, iqlim dəyişikliklərinə uyğunlaşma, eləcə də yüksək temperatur və quraqlıq kimi stres amillərinin yaratdığı risklərin azaldılması istiqamətində kompleks elmi tədqiqatlar həyata keçirilir.
İnstitut 1996-cı ildən etibarən Buğdanın Yaxşılaşdırılmasının Beynəlxalq Şəbəkəsi (IWIN), Beynəlxalq Qarğıdalı və Buğda Yaxşılaşdırılması Mərkəzi (CIMMYT) və Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (ICARDA) ilə əməkdaşlıq edir. Bu çərçivədə dənli və dənli-paxlalı bitkilərin nümunələrinin introduksiyası, ekoloji sınaqları və seleksiya proqramları həyata keçirilir.
İnstitutda yaradılan taxıl sortlarının mühüm hissəsi həmin əməkdaşlıq çərçivəsində əldə olunan hibrid kombinasiyalar əsasında seçilir və ya hibridləşdirməyə cəlb edilir. Nəticədə yüksək məhsuldarlığa, keyfiyyət göstəricilərinə, biotik və abiotik stres amillərinə davamlılığa, eləcə də müxtəlif aqroekoloji şəraitə uyğunlaşma qabiliyyətinə malik yeni sortlar yaradılır. Seleksiya işləri regionların torpaq-iqlim xüsusiyyətləri nəzərə alınmaqla aparılır. Quraqlığa davamlı perspektiv formalar isə Qobustan Bölgə Təcrübə Stansiyası, Cəlilabad Bölgə Təcrübə Stansiyası və Şəki Dayaq Məntəqəsi şəraitində sınaqdan keçirilir.
Son illərdə quraqlığa davamlılığı ilə seçilən yumşaq buğdanın "Ləyaqətli 80", "Yubiley 90" və "Lider", bərk buğdanın "Xudafərin", "Rəvan" və "Göytəpə", eləcə də arpanın "Sadiq" və "Dəyanətli" sortları rayonlaşdırılaraq patentləşdirilib. Hazırda institutda hər il 13 mindən çox sort-nümunə, xətt, nömrə və sort üzrə seleksiya tədqiqatları aparılır.
Xatırladaq ki, 2026–2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramı çərçivəsində bitkiçilikdə seleksiya nailiyyətlərinin uçotu və onlara nəzarət sisteminin gücləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Sənəddə strateji seleksiya proqramlarının icrasının sürətləndirilməsi, onların səmərəliliyinin artırılması, həmçinin bitki növlərinin genetik ehtiyatlarının qorunması məqsədilə müasir genetik material banklarının yaradılması nəzərdə tutulur. Bu tədbirlərin ölkənin bioloji müxtəlifliyinin qorunmasına və ərzaq təhlükəsizliyinin uzunmüddətli təmin edilməsinə mühüm töhfə verəcəyi gözlənilir.