SSRİ dövründə qara kürü niyə ucuz idi? – səbəblər açıqlanıb

SSRİ dövründə qara kürü niyə ucuz idi? –

 Müasir dövrdə qara kürü dünyanın ən bahalı qida məhsullarından biri hesab olunsa da, Sovet İttifaqı dövründə onun nisbətən əlçatan olması diqqət çəkir. Bu məsələ ilə bağlı açıqlama verilib.

Rusiya Elmlər Akademiyasının N.N. Mikluxo-Maklay adına Etnologiya və Antropologiya İnstitutunun Qafqaz şöbəsinin elmi əməkdaşı, “Sinergiya” Universitetinin müəllimi Tanzila Çabiyeva bildirib ki, SSRİ-də nərə balığı kürüsü geniş miqyasda istehsal olunurdu və bu məhsul ölkənin ixrac potensialında da mühüm yer tuturdu.

Onun sözlərinə görə, Birinci Dünya və Vətəndaş müharibələrindən sonra nərə balığı ehtiyatlarına nəzarətin zəifləməsi onların sayının artmasına səbəb olub. Daha sonrakı dövrlərdə isə balıqçılıq SSRİ iqtisadiyyatının strateji sahələrindən birinə çevrilib və illik hasilat 2000 ton səviyyəsinə çatıb.

Mütəxəssis qeyd edib ki, 1929-cu ildə SSRİ təxminən 800 ton qara kürü ixrac edib və bu məhsul Avropada yüksək dəyərli delikates kimi tanınıb. Eyni zamanda, ölkə daxilində də kürü nisbətən əlçatan qida məhsulu hesab olunub.

Bildirilib ki, XX əsrin ortalarında qara kürünün qiyməti artsa da, bu artım digər əsas ərzaq məhsullarının – çörək, süd və ətin qiymət artımı ilə müqayisədə daha aşağı olub. Nəticədə, əhalinin gəlirləri nəzərə alındıqda kürü bir çox ailə üçün əlçatan olaraq qalıb.

Ekspertin fikrincə, 1970-ci illərdən etibarən dəniz ehtiyatlarının azalması və ümumi ərzaq qıtlığı qara kürünün kəskin bahalaşmasına gətirib çıxarıb və onun əvvəlki kimi geniş əlçatanlığı aradan qalxıb.

MONETAR.AZ