Teslanın Fransa və İsveçdə satışları kəskin artıb

Teslanın Fransa və İsveçdə satışları

İyun ayında Tesla avtomobillərinin Avropada qeydiyyatı ölkələr üzrə fərqli dinamika nümayiş etdirib. Bir sıra bazarlarda güclü artım qeydə alınsa da, elektromobil istehsalçısının əsas bazarlarından biri olan Norveçdə satışların kəskin azalması ümumi nəticələri qismən zəiflədib.

OFV-nin məlumatına görə, Norveçdə Tesla avtomobillərinin yeni qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 43% azalaraq 3 222 ədədə enib.

Əksinə, Fransada Tesla qeydiyyatları illik müqayisədə 105%, İsveçdə isə 56,3% artıb. Mobility Sweden-in məlumatına əsasən, Danimarkada da müsbət dinamika qeydə alınıb. bilstatistik.dk portalının məlumatına görə, ölkədə yeni Tesla qeydiyyatlarının sayı 39% artaraq 1 778 avtomobilə çatıb.

Reuters agentliyinin Visible Alpha sorğusuna istinadən verdiyi məlumata görə, Wall Street analitikləri Tesla-nın ikinci rübdə 402 780 avtomobil təhvil verəcəyini proqnozlaşdırırlar. Bu, illik müqayisədə 4,9%, birinci rüblə müqayisədə isə 12,5% artım deməkdir.

Deutsche Bank hesab edir ki, Avropa təxminən 40%-lik illik artımla regional satışların lideri olacaq. Bankın fikrincə, İran müharibəsi fonunda yanacaq qiymətlərinin bahalaşması həm yeni, həm də ikinci əl elektromobillərə tələbi artırıb. Çində satışların təxminən 3% artacağı gözlənildiyi halda, Şimali Amerikada 21% azalma proqnozlaşdırılır.

ABŞ bazarındakı zəiflik əsasən Bayden administrasiyası dövründə tətbiq edilmiş və sentyabr ayında qüvvədən düşən 7 500 ABŞ dolları məbləğində federal elektromobil vergi güzəştinin ləğvi ilə izah olunur. Bu amil daxili bazarda tələbi zəiflətməkdə davam edir.

Satışları dəstəkləmək məqsədilə Tesla son bir il ərzində Model 3 və Model Y elektromobillərinin daha münasib qiymətə təklif olunan versiyalarını bazara çıxarıb.

MONETAR.AZ