Qlobal elektrik tələbatı ilk dəfə ÜDM artımını üstələyəcək

Qlobal elektrik tələbatı ilk dəfə ÜDM

Qlobal elektrik enerjisinə tələbat tarixdə ilk dəfə olaraq dünya ÜDM-inin artım tempini üstələyəcək. Bu tendensiya enerji keçidi üçün strateji əhəmiyyət daşıyan metallara tələbi əhəmiyyətli dərəcədə artıracaq. Bu barədə Yahoo Finance məlumat yayıb.

Bank of America-nın metal bazarı üzrə strateqləri, Maykl Vidmerin rəhbərliyi ilə hazırladıqları hesabatda bildiriblər ki, onillik durğunluqdan sonra dünya iqtisadiyyatı genişmiqyaslı elektrikləşmə mərhələsinə daxil olur. Onların proqnozuna görə, yaxın 2,5 il ərzində elektrik enerjisinə tələbatın artım tempi dünya ÜDM-inin artımını üstələyəcək.

Elektrikləşmə prosesi ilk olaraq 2010-cu illərin ortalarında "yaşıl" texnologiyalara keçidlə sürətlənsə də, hazırda əsas hərəkətverici qüvvələr elektromobillərin geniş yayılması və süni intellekt üçün yaradılan məlumat emalı mərkəzlərinin (data mərkəzlərinin) sürətli inkişafıdır.

Goldman Sachs-ın hesablamalarına əsasən, dünya üzrə data mərkəzlərinin elektrik istehlakı hazırkı 55 giqavatdan 84 giqavata yüksələcək. Bu, təxminən 70 milyon ev təsərrüfatının elektrik istehlakına bərabərdir və cəmi iki il ərzində baş verəcək.

Bu proses iqtisadçıların HALO (Heavy Assets, Low Obsolescence — ağır aktivlər, aşağı köhnəlmə riski) adlandırdığı konsepsiyanın tərkib hissəsidir. Bu yanaşmaya əsasən, süni intellekt infrastrukturu və iqtisadiyyatın elektrikləşdirilməsi fiziki istehsal güclərinə və bu sahədə fəaliyyət göstərən şirkətlərə uzunmüddətli üstünlüklər qazandıracaq.

Bank of America strateqləri qeyd edirlər ki, data mərkəzləri metallara tələbi iki istiqamətdə artırır. Bir tərəfdən, onların tikintisi üçün böyük həcmdə mis və digər xammal tələb olunur. Digər tərəfdən isə elektrik istehlakının artması yeni elektrik şəbəkələrinin, transformatorların, ötürücü xətlərin və digər enerji infrastrukturunun genişləndirilməsini zəruri edir ki, bu da metal istehlakını daha da artırır.

Bundan əlavə, ABŞ-ın metallara tətbiq etdiyi gömrük rüsumları və İran ətrafındakı hərbi gərginlikdən sonra bir çox ölkə enerji müstəqilliyini gücləndirməyə çalışır. Bank of America hesab edir ki, enerji istehsalı və enerji saxlama güclərinin artırılması da metallara tələbi yüksəldəcək.

Mis bazarında bu tendensiya xüsusilə nəzərə çarpır. S&P Global-ın məlumatına görə, qlobal misə tələbat 2025-ci ildəki 28 milyon tondan 2040-cı ildə 42 milyon tona yüksələcək.

Elektromobil istehsalında daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə təxminən üç dəfə çox mis istifadə olunur. Eyni zamanda, son illərdə istifadəyə verilən yeni elektrik istehsal güclərinin təxminən 90%-ni təşkil edən günəş və külək enerjisi layihələri də böyük həcmdə mis tələb edir.

JPMorgan-ın əsas və qiymətli metallar üzrə strategiya rəhbəri Qreqori Şirer bildirib ki, təkcə data mərkəzlərinin misə tələbatı 2025-ci ildəki 110 min tondan 2026-cı ildə 475 min tona yüksələ bilər.

Oxşar dinamika alüminium, nikel, sink, volfram, kobalt və enerji keçidi üçün strateji əhəmiyyət daşıyan digər metal bazarlarında da müşahidə olunur.

Bank of America strateqlərinin fikrincə, dünya iqtisadiyyatı sürətlə transformasiya olunur və hökumətlər enerji sistemlərini elektrikləşdirməyə çalışırlar. Onların qənaətinə görə, bu transformasiya metallara tələbatın əhəmiyyətli dərəcədə artması olmadan mümkün deyil.

MONETAR.AZ