Dünyada ən çox gümüş istehsal edən ölkələr

Dünyada ən çox gümüş

Qlobal gümüş istehsalına dair son statistik göstəricilər açıqlanıb. Məlumatlar dünya üzrə ən iri istehsalçı ölkələri və qlobal bazarda təchizatın necə formalaşdığını göstərir.

Statistikaya əsasən, Meksika dünyanın ən böyük gümüş istehsalçısı olaraq mövqeyini qoruyur. Ölkədə ildə təxminən 173 milyon unsiya gümüş hasil edilir ki, bu da dünya istehsalının təxminən 20 faizini təşkil edir.

İkinci yerdə Peru qərarlaşıb. Bu ölkədə illik gümüş istehsalı 131 milyon unsiya səviyyəsində qiymətləndirilir. İlk üçlüyü isə 113 milyon unsiya hasilatla Çin tamamlayır. Hər üç ölkə birlikdə qlobal gümüş bazarında əsas təchizatçılar hesab olunur.

Reytinqdə sonrakı yerləri Rusiya (56 milyon unsiya), Boliviya (50 milyon unsiya), Çili (43 milyon unsiya), Polşa (43 milyon unsiya), ABŞ (36 milyon unsiya) və Avstraliya (33 milyon unsiya) tutur.

Bundan başqa, Kanada, Hindistan, İsveç, İndoneziya və bir sıra digər ölkələr də qlobal gümüş istehsalında müəyyən paya malikdir.

Mütəxəssislərin qiymətləndirməsinə görə, dünya gümüş istehsalının məhdud sayda ölkədə cəmləşməsi bazarı geosiyasi və iqtisadi risklərə daha həssas edir. Əsas istehsalçı ölkələrdə hasilatın azalması, logistika problemləri və ya siyasi gərginliklər qlobal təchizat zəncirinə və qiymətlərə birbaşa təsir göstərə bilər.

Bununla yanaşı, qlobal bazarda gümüşə tələbin artması fonunda artıq ardıcıl beşinci ildir təchizat defisiti müşahidə olunur. Bu isə bazarda qiymətlərə əlavə dəstək verən əsas amillərdən biri hesab edilir.

Gümüş yalnız qiymətli metal kimi deyil, həm də sənaye üçün strateji xammal hesab olunur. O, elektronika, günəş panelləri, elektromobillər, tibb avadanlıqları və digər yüksək texnologiyalı sahələrdə geniş istifadə edilir.

İnvestisiya bazarında da gümüşə maraq artmaqdadır. Analitiklərin fikrincə, sənaye tələbinin yüksəlməsi və təchizatın məhdud qalması uzunmüddətli perspektivdə qiymətlərin dəstəklənməsinə şərait yarada bilər. Bu səbəbdən bir sıra ekspertlər gümüş bazarını gələcək illər üçün potensialı yüksək olan investisiya istiqamətlərindən biri kimi qiymətləndirirlər.

MONETAR.AZ