Kiçik ölçülü briyantların qiyməti iyun ayında bahalaşıb

Kiçik ölçülü briyantların qiyməti

Rapaport-un məlumatına əsasən, iyun ayında briyant bazarında müxtəlif istiqamətli dinamika davam edib. Kiçikölçülü daşların qiymətlərində bərpa prosesi sürətləndiyi halda, 1 karatlıq briyantların qiymət indeksi geriləyib.

D–H rəng və IF–VS2 təmizlik kateqoriyalarına aid yumru briyantların qiymətlərini əks etdirən RAPI indeksi iyun ayında 0,3 karatlıq daşlar üzrə 4,2%, 0,5 karatlıq daşlar üzrə isə 1,3% artıb. Bunun əksinə olaraq, 1 karatlıq briyantların indeksi 0,7% azalıb, 3 karatlıq daşların göstəricisi isə 0,4% yüksəlib.

Şirkətin hesabatında qeyd olunur ki, bazarda tələbat getdikcə daha çox uzunsov fantaziya formalı briyantlara yönəlir. Rapaport bildirir ki, 2 karat və daha böyük ölçülü oval, markiz və zümrüd kəsimli (emerald cut) briyantlar hazırda yumru daşlarla müqayisədə daha yüksək tələbat görür.

Xatırladaq ki, 2025-ci ilin yekunlarına görə, qlobal almaz xammalı hasilatı 8% azalaraq 99 milyon karata enib. Hasil olunan almazların ümumi bazar dəyəri isə 3% azalaraq 9,2 milyard ABŞ dolları təşkil edib. Bununla belə, bir karat almazın orta qiyməti 6% artaraq 93 ABŞ dollarına yüksəlib.

Rapaport qeyd edir ki, Rusiya qlobal almaz xammalı hasilatı üzrə lider mövqeyini qorumaqda davam edir.

MONETAR.AZ