Cari ilin yanvar–iyun aylarında Azərbaycanın dövlət büdcəsinin icrasında müsbət dinamika qeydə alınıb.
Maliyyə Nazirliyindən bildirilib ki, hesabat dövründə xəzinə əməliyyatları üzrə müraciətlər qanunvericiliyin tələblərinə uyğun, operativ və qüsursuz şəkildə icra olunub. Xəzinədarlıq orqanları tərəfindən 624 mindən çox ödəniş tapşırığı vaxtında və tam həcmdə yerinə yetirilib.
Yanvar–iyun aylarında dövlət büdcəsinin gəlirləri 19 milyard 179,4 milyon manat təşkil edib. Bu göstərici təsdiq edilmiş proqnozu 350,5 milyon manat və ya 1,9% üstələyib.
Hesabat dövründə dövlət büdcəsinin xərcləri isə nəzərdə tutulan 17 milyard 230,6 milyon manata qarşı 16 milyard 775,5 milyon manat səviyyəsində icra olunub. Beləliklə, büdcə xərclərinin icra səviyyəsi 97,4% təşkil edib.
Cari ilin ilk altı ayında icmal büdcənin gəlirləri 24 milyard 414,1 milyon manata, xərcləri isə 19 milyard 824,4 milyon manata çatıb. Bu göstəricilər dövlət maliyyəsinin icrasında sabitliyin qorunduğunu və büdcə gəlirlərinin proqnozdan yüksək formalaşdığını göstərir.