Avropa Mərkəzi Bankının (AMB) T2 ödəniş sistemi bugün səhər saatlarında təxminən 40 dəqiqə fəaliyyət göstərməyib. Bu, son bir həftə ərzində sistemdə qeydə alınan ikinci nasazlıqdır.
AMB-nin rəsmi məlumatına görə, gündəlik trilyonlarla avro həcmində ödəniş əməliyyatlarını emal edən sistemdə avro və Danimarka kronu üzrə hesablaşmalarda gecikmələr yaranıb.
Avrozonanın iri banklarından birinin xəzinədarı bildirib ki, bazar ertəsi iş gününün əvvəlində gecikmələr müşahidə olunsa da, sonradan problem tam aradan qaldırılıb.
Bundan əvvəl AMB 29 iyun tarixində də səhər saatlarında T2 sistemində analoji nasazlığın baş verdiyini açıqlamışdı.
Xatırladaq ki, ötən il avadanlıq nasazlığı səbəbindən T2 sistemi yeddi saat fəaliyyət göstərə bilməmişdi. Nəticədə avrozonada minlərlə şəxsin əməkhaqqı və sosial ödənişlərinin köçürülməsi gecikmiş, həmçinin maliyyə bazarlarında bir sıra hesablaşma əməliyyatlarına mənfi təsir göstərmişdi.
MONETAR.AZ