“Shell” şirkəti ikinci rüb üzrə mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı proqnozunu cüzi yüksəltsə də, Yaxın Şərqdəki münaqişənin Qətərdən tədarükə təsiri səbəbindən Integrated Gas (İnteqrasiya olunmuş qaz) seqmentində hasilatın birinci rüblə müqayisədə əhəmiyyətli dərəcədə azalacağını gözlədiyini bildirib.
Şirkətin proqnozuna əsasən, Integrated Gas seqmentində hasilat sutkada 610–650 min barrel neft ekvivalenti (BNE) təşkil edəcək. Bu göstərici əvvəlki proqnoz diapazonu olan 580–640 min BNE/sutkadan yüksək olsa da, birinci rübdə qeydə alınmış 909 min BNE/sutka səviyyəsindən xeyli aşağıdır.
LNG-nin mayeləşdirilməsi həcmi üzrə proqnoz 7,4–7,8 milyon tona yüksəldilib. Bu, əvvəlki 6,8–7,4 milyon tonluq proqnozdan yüksək olsa da, birinci rübdə istehsal edilmiş 7,9 milyon ton göstəricisini üstələmir.
Şirkət, həmçinin bu seqmentdə treydinq və portfelin optimallaşdırılması fəaliyyətinin nəticələrinin birinci rüblə müqayisədə əhəmiyyətli dərəcədə yaxşı olacağını gözləyir.
Kimyəvi məhsullar və neft məhsulları seqmentində indikativ neft emalı marjasının bir barrel üçün təxminən 20 ABŞ dolları olacağı gözlənilir. Müqayisə üçün, bu göstərici birinci rübdə 17 dollar təşkil etmişdi. Kimya məhsulları üzrə indikativ marja isə bir ton üçün 139 dollardan təxminən 240 dollara yüksəlib.
Bununla yanaşı, şirkət bildirib ki, bazardakı struktur pozuntuları (dislokasiyalar) səbəbindən faktiki neft emalı və kimya marjaları hesablanmış indikativ göstəricilərdən aşağı olub və müvafiq düzəlişlər aparılıb.
Neft emalı güclərinin yüklənmə səviyyəsinin birinci rübdəki 99%-dən təxminən 100%-ə yüksələcəyi gözlənilir. Kimya istehsalı güclərinin yüklənməsi isə əvvəlki 85%-dən 80–84% diapazonuna enəcək. Bu seqmentdə treydinq və optimallaşdırma nəticələrinin birinci rübün səviyyəsində olacağı proqnozlaşdırılır.
Marketinq seqmentində satış həcminin sutkada 2,55–2,65 milyon barrel təşkil edəcəyi, tənzimlənmiş mənfəətin isə birinci rüblə müqayisədə sabit qalacağı gözlənilir.
Bərpa olunan enerji və enerji həlləri seqmentində tənzimlənmiş maliyyə nəticəsinin 300 milyon ABŞ dolları zərərdən 300 milyon dollar mənfəətədək geniş diapazonda dəyişəcəyi proqnozlaşdırılır. Birinci rübdə bu seqment 300 milyon dollar mənfəət əldə etmişdi.
Korporativ seqment üzrə zərərin 500–700 milyon dollar təşkil edəcəyi gözlənilir. Müqayisə üçün, birinci rübdə bu göstərici 900 milyon dollar olmuşdu.
Qrup səviyyəsində dövriyyə kapitalındakı dəyişikliklərin 1–6 milyard dollar həcmində müsbət təsir göstərəcəyi proqnozlaşdırılır. Bu, birinci rübdə qeydə alınmış 11,2 milyard dollarlıq mənfi dövriyyə kapitalı təsirindən sonra əhəmiyyətli dönüş hesab olunur. Şirkət bunu əmtəə bazarlarında müşahidə olunan yüksək qiymət dəyişkənliyi ilə izah edib.
“Shell” vurğulayıb ki, açıqlanan proqnoz Yaxın Şərqdəki mövcud geosiyasi vəziyyəti nəzərə alır. Şirkətin fikrincə, tam il üzrə qiymət və marja həssaslığı ayrı-ayrı rüblərdə müşahidə olunan göstəriciləri tam əks etdirməyə bilər.
Şirkətin ikinci rüb üzrə maliyyə nəticələrinin 30 iyul tarixində açıqlanması, analitiklərin konsensus proqnozlarının isə 22 iyul tarixində dərc olunması planlaşdırılır.