Avropanın enerji bazarında vəziyyət kritik həddə çatıb. Köhnə Dünyanın yeraltı qaz anbarlarındakı ehtiyatlar "plintusdan da aşağı" düşərək tarixi minimumu yeniləyib. Qapıda gözləyən sərt enerji böhranı təhlükəsinə baxmayaraq, Brüssel geri addım atmır və Rusiyadan qaz idxalını bərpa etmək ehtimalını tamamilə rədd edir. Avropa Komissiyasının rəsmi nümayəndəsi Anna-Kaysa Itkonen bəyan edib ki, gələn il Kremlin "mavi yanacaq"ından tamamilə imtina ediləcək.
Aİ-nin Enerji Tənzimləyicilərinin Əməkdaşlığı Agentliyinin (ACER) hesabatına görə, Avropa qazsız qalmayacaq, lakin alternativ mənbələr üçün ikiqat baha qiymət ödəməli olacaq. Bahalaşma dalğası isə ən çox Şərqi Avropanı və Yunanıstan kimi ölkələri vuracaq.
Məhz bu məqamda Azərbaycan faktoru yenidən Avropanın gündəmini zəbt edib. Rusiya qazının siyasi baxımdan "toksik" elan edilməsi, rəsmi Bakının etibarlı strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Avropa öz resurslarını Norveç və ABŞ-la yanaşı, Xəzər qazı hesabına kompensasiya etməyə çalışır.
Avropanın Macarıstan, Slovakiya və Yunanıstan kimi Rusiya qazından 80% asılı olan ölkələri hazırda böyük təhlükə altındadır. Yunanıstanın və digər Cənub-Şərqi Avropa ölkələrinin bu böhrandan minimum zərərlə çıxması birbaşa Azərbaycanın təşəbbüsü olan Cənub Qaz Dəhlizi (TAP və TANAP) vasitəsilə nəql edilən qazın həcmindən asılı olacaq.
Avropa İttifaqı Rusiyanın təbii qazı ilə yanaşı, neftinə də tam embarqo qoymağa hazırlaşır. Bu isə o deməkdir ki, qarşıdakı illərdə Azərbaycanın istər "Şahdəniz" qazına, istərsə də "Azəri-Çıraq-Günəşli" neftinə olan qlobal tələbat geosiyasi müstəvidə rekord həddə çatacaq.
Brüsselin bu riskli, lakin qətiyyətli "qaz gedişi" fonunda Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısı statusunu qorumaqda davam edir.
MONETAR.AZ