“Bloomberg” tərəfindən toplanmış gəmilərin izlənilməsi məlumatlarına əsasən, iyul və avqust aylarında Fars körfəzindən Avropaya xam neft daşıyan ən azı 16 tankerin çatacağı gözlənilir.
Bu donanmaya Körfəz ölkələrindən neft daşıyan 12 çox böyük xam neft tankeri (VLCC) və dörd Suezmax tipli tanker daxildir. Vortexa analitik şirkətinin məlumatına görə, ümumi tədarükün 16 milyon barreli İraqın, 8 milyon barreli isə BƏƏ-nin payına düşür. Küveyt və Oman isə hər biri 2 milyon barrel neft ixrac edəcək.
Dörd VLCC tankeri yüklərinin yarısını Misirin Ayn-Soxna terminalında yerləşən SUMED boru kəməri sisteminə boşaldıb. Həmin tankerlərdən üçü əlavə yüklənmə aparmadan Avropaya doğru hərəkətini davam etdirib. SUMED sistemində qalan neftin isə sonradan digər tankerlərə yüklənərək Avropanın neft emalı zavodlarına çatdırılacağı gözlənilir.
Avropaya istiqamət götürən gəmilərlə yanaşı, Fars körfəzində yüklənməni başa çatdıran daha üç VLCC tankeri ABŞ-a doğru yola düşüb. Bir Suezmax tipli tanker isə Cənubi Amerikaya istiqamət alıb.
MONETAR.AZ