OPEC+ kvotanı gündəlik 188 min barrel artırdı

OPEC+ kvotanı gündəlik 188 min

OPEC+ ölkələri avqust ayı üçün neft hasilatı kvotasını növbəti dəfə artırmaq qərarına gəlib. Analitiklər hesab edirlər ki, ABŞ və İran arasında geosiyasi gərginliyin azalması bazara əlavə neft həcmlərinin daxil olmasına şərait yarada bilər.

“Bloomberg” agentliyinin məlumatına görə, OPEC+ alyansının əsas iştirakçıları avqust ayı üçün gündəlik neft hasilatı kvotasını 188 min barrel artırmaq barədə razılığa gəliblər. Qərar bazar günü keçirilən videokonfrans zamanı qəbul olunub.

OPEC-in yaydığı bəyanata əsasən, Səudiyyə Ərəbistanı və Rusiya başda olmaqla yeddi ölkə əvvəlki illərdə tətbiq edilmiş könüllü hasilat məhdudiyyətlərinin mərhələli şəkildə aradan qaldırılması planına sadiq qaldıqlarını təsdiqləyiblər. Bununla da müharibənin başlanmasından bəri alyansın hasilat kvotaları ümumilikdə 940 min barrel artırılıb ki, bu da qlobal neft tələbatının təxminən 1 faizinə bərabərdir.

İndiyədək kvota artımları əsasən nəzəri xarakter daşıyırdı. Çünki hərbi qarşıdurma dövründə Hörmüz boğazı ətrafındakı risklər Fars körfəzi ölkələrinin ixrac imkanlarını məhdudlaşdırırdı. Lakin Tehran və Vaşinqton arasında əldə olunan müvəqqəti sülh razılaşmasından sonra region ölkələri tədarükləri artırmağa başlayıb ki, bu da xüsusilə Asiya bazarlarında təklifin genişlənməsi ehtimalını yüksəldib.

Bu vəziyyətdə neft bazarında qiymətlər də təzyiq altındadır. Müharibə dövründə qeydə alınmış zirvə səviyyələri ilə müqayisədə neft fyuçersləri təxminən 43 faiz ucuzlaşıb və Brent markalı neftin qiyməti Londonda bir barel üçün təxminən 72 dollar səviyyəsində ticarət olunur.

Analitiklər hesab edirlər ki, bazarda artıq təklifin formalaşacağı təqdirdə OPEC+ qarşıdakı aylarda hasilatı yenidən məhdudlaşdırmaq və ya bazar payını qorumaq arasında seçim etməli olacaq. Bu isə qiymət rəqabətinin daha da kəskinləşməsi riskini artırır.

Alyans daxilində fikir ayrılıqları da qalmaqdadır. İraq ötən ay hasilat kvotasının artırılmayacağı halda təşkilatı tərk edə biləcəyini bəyan etmişdi. Daha əvvəl isə Birləşmiş Ərəb Əmirlikləri kvota siyasəti ilə bağlı narazılıqlar fonunda OPEC+ formatından ayrılmışdı.

Hazırda həm Səudiyyə Ərəbistanı, həm də BƏƏ ixrac həcmlərini müharibədən əvvəlki səviyyələrə yaxınlaşdırsa da, hasilat hələ də mövcud potensialdan aşağı qalır. Rusiya isə neft ixracını artırmasına baxmayaraq, daxildə neft emalı infrastrukturuna edilən hücumlar səbəbindən əlavə çətinliklərlə üzləşir.

“Bloomberg” daha əvvəl OPEC+ ölkələrinin hasilatın mərhələli artırılması proqramını sentyabr ayınadək davam etdirməyi planlaşdırdığını bildirmişdi. Avqust qərarı bu prosesin sondan əvvəlki mərhələsi hesab olunur. Məhdudiyyətlərin son hissəsinin ləğvi ilə bağlı növbəti müzakirələrin isə 2 avqust tarixində keçiriləcək iclasda aparılması gözlənilir.

MONETAR.AZ