İran uzun fasilədən sonra Yaponiya bazarına xam neft tədarükünü yenidən bərpa etmək imkanlarını araşdırır. “Reuters” agentliyinin İran və Qərb mənbələrinə istinadən yaydığı məlumata görə, potensial alıcılar mümkün müqavilələrə başlamazdan əvvəl ABŞ sanksiyalarından daha uzunmüddətli istisnalar və hüquqi təminatlar əldə etmək istəyirlər.
Məlumata əsasən, ilk təmaslar Vaşinqtonun Tehranla davam edən 60 günlük sülh danışıqları fonunda iyunun 22-də İrana qarşı tətbiq olunan sanksiyaların müvəqqəti yumşaldılması barədə qərar qəbul etməsindən sonra başlayıb. Avqustun 21-dək qüvvədə olacaq bu qərar tərəflər arasında ilkin danışıqlar üçün imkan yaratsa da, bazar iştirakçıları hesab edirlər ki, belə qısa müddət real kommersiya tədarüklərinin təşkil edilməsi üçün kifayət etmir.
Agentliyin məlumatına görə, üç yapon neft alıcısı 2019-cu ildən bəri ilk dəfə İran neftinin idxalı perspektivlərini qiymətləndirir. Bununla yanaşı, Yaponiya və İran rəsmiləri də enerji əməkdaşlığının bərpası ilə bağlı ilkin müzakirələr aparıblar. Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bu danışıqlarla bağlı rəsmi məlumata malik olmadığını bildirib, ABŞ Maliyyə Nazirliyi isə məsələ ilə bağlı sorğunu cavablandırmayıb.
Sənaye nümayəndələrinin sözlərinə görə, İrandan Yaponiyaya dəniz daşımaları bir neçə həftə çəkdiyindən, mövcud sanksiya istisnasının müddəti kommersiya əməliyyatlarının həyata keçirilməsi üçün yetərli deyil. Buna görə də şirkətlər istisna rejiminin uzadılmasını zəruri hesab edirlər. Bundan əlavə, yük sığortası və Hörmüz boğazında təhlükəsiz gəmiçilik məsələləri də əsas risk faktorları sırasında qalır.
Ekspertlər qeyd edirlər ki, Tehran və Vaşinqton arasında əldə olunan müvəqqəti atəşkəs regiondakı gərginliyi müəyyən qədər azaltsa da, dəniz nəqliyyatı ilə bağlı risklər tam aradan qalxmayıb. “Reuters” yazır ki, son hücumlar və akvatoriyada mina təhlükəsi ilə bağlı məlumatlar sığorta şirkətlərini ehtiyatlı davranmağa vadar edir və bu da gəmiçilik xərclərinə təsir göstərir.
Xatırladaq ki, Yaponiya, Cənubi Koreya, Hindistan və bir sıra Avropa dövlətləri 2018-ci ildə ABŞ-ın İran nüvə sazişindən çıxaraq sanksiyaları yenidən sərtləşdirməsindən sonra İran neftinin idxalını dayandırmışdılar. Həmin dövrdən etibarən Çin İran xam neftinin əsas alıcısı olaraq qalır.
Analitiklərin fikrincə, sanksiyaların yumşaldılması uzunmüddətli xarakter almasa və Tehranla Vaşinqton arasında davamlı siyasi razılıq əldə edilməsə, Asiyanın iri neft emalı şirkətlərinin İran neftini böyük həcmdə almağa başlaması çətin görünür. Qısamüddətli perspektivdə isə İran neftinin əsas alıcılarının yenə də Çinin müstəqil neft emalı müəssisələri olacağı gözlənilir.
MONETAR.AZ