Cənubi Koreyanın ixracı iyun ayında qlobal yarımkeçirici tələbinin yüksək səviyyədə qalması fonunda son təxminən 50 ilin ən sürətli artımını qeydə alıb.
Ölkənin Ticarət, Sənaye və Enerji Nazirliyinin çərşənbə günü açıqladığı ilkin məlumata əsasən, ixrac illik müqayisədə 70,9% artaraq 102,25 milyard ABŞ dollarına çatıb. Bu, həm aylıq rekord göstərici, həm də 1978-ci ilin oktyabrından bəri qeydə alınan ən yüksək artım tempidir. May ayı üzrə göstərici isə yenidən hesablanaraq 53,4% artım kimi müəyyən edilib.
İyun ayında idxal da illik ifadədə 30,1% artaraq 66,10 milyard ABŞ dolları təşkil edib. Nəticədə ölkənin xarici ticarət profisiti 36,15 milyard ABŞ dollarına yüksəlib. Beləliklə, Cənubi Koreya tarixində ilk dəfə olaraq aylıq müsbət ticarət saldosu 30 milyard ABŞ dollarını ötüb. Müqayisə üçün, may ayında bu göstərici 27,04 milyard ABŞ dolları olub.
Nazirliyin məlumatına görə, ixrac artımının əsas hərəkətverici qüvvəsi yenə də yarımkeçirici sənayesi olub. İyun ayında çip ixracı 44,82 milyard ABŞ dollarına çataraq yeni aylıq rekord müəyyənləşdirib və ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə artıb. Bu dinamika süni intellekt infrastrukturu üzrə qlobal investisiyalar fonunda sabit yüksək tələblə izah edilir.
Məlumatlar Cənubi Koreya hökuməti və ölkənin aparıcı yaddaş çipi istehsalçıları olan Samsung Electronics və SK Hynix şirkətlərinin ölkənin cənub-qərbində yeni yarımkeçirici istehsalı müəssisələrinin tikintisinə 800 trilyon vondan (təxminən 520 milyard ABŞ dolları) çox investisiya yatırmaq planını açıqlamasından sonra dərc olunub.
Sözügedən investisiyalar Prezident Li Çje Myonun yarımkeçirici sənayesinin inkişafı və süni intellekt infrastrukturunun genişləndirilməsinə dövlət dəstəyinin artırılmasını nəzərdə tutan genişmiqyaslı proqramının tərkib hissəsidir.
MONETAR.AZ