Bu həftə dünya iqtisadiyyatının diqqət mərkəzində nələr olacaq?

Bu həftə dünya iqtisadiyyatının

Bu həftə qlobal maliyyə bazarlarının diqqəti ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyun iclasının protokollarına, aparıcı ölkələrdə açıqlanacaq mühüm makroiqtisadi göstəricilərə və bir sıra mərkəzi bankların qərarlarına yönələcək.

ABŞ-da investorlar FED-in iyunun 16–17-də keçirilmiş iclasının protokollarını izləyəcəklər. Sənəddə tənzimləyicinin inflyasiya və faiz dərəcələri ilə bağlı gələcək mövqeyinə dair əlavə siqnalların yer alacağı gözlənilir. Həftə ərzində həmçinin ISM xidmət sektoru üzrə işgüzar aktivlik indeksi, mövcud mənzil satışları, xarici ticarət balansı, istehlakçı inflyasiya gözləntiləri, topdansatış ehtiyatları və istehlak kreditləri üzrə göstəricilər açıqlanacaq.

Kanadada məşğulluq, xarici ticarət və Ivey PMI indeksləri, eləcə də Kanada Bankının biznes və istehlakçı gözləntiləri sorğularının nəticələri dərc olunacaq. Meksikada inflyasiya, Braziliyada isə inflyasiya, pərakəndə satışlar və xarici ticarət balansı üzrə məlumatlar açıqlanacaq.

Avrozonada əsas diqqət Avropa Mərkəzi Bankının iyun iclasının protokollarına yönələcək. Bundan başqa, pərakəndə satışlar üzrə statistika açıqlanacaq. Almaniyada sənaye istehsalı, zavod sifarişləri və xarici ticarət göstəriciləri, Fransada xarici ticarət balansı, İtaliyada isə sənaye istehsalı üzrə məlumatlar dərc ediləcək.

Böyük Britaniyada mənzil bazarı ilə bağlı Halifax ev qiymətləri indeksi və RICS mənzil qiymətləri balansı açıqlanacaq. İngiltərə Bankı isə Maliyyə Sabitliyi Hesabatını təqdim edəcək.

Asiya-Sakit okean regionunda Çində istehlak və istehsalçı qiymətləri indeksləri bazarların diqqət mərkəzində olacaq. Yaponiyada ev təsərrüfatlarının xərcləri, istehsalçı qiymətləri, cari hesab balansı və dəzgah sifarişləri üzrə geniş statistika açıqlanacaq.

Yeni Zelandiya Ehtiyat Bankının uçot dərəcəsini 25 baza bəndi artıraraq 2,5 faizə çatdıracağı gözlənilir. Malayziya Mərkəzi Bankı da növbəti pul siyasəti qərarını elan edəcək.

Həftə ərzində Tayland, Filippin və Tayvanda inflyasiya, Filippin və Malayziyada işsizlik, Tayvanda isə xarici ticarət göstəriciləri açıqlanacaq.

Bununla yanaşı, Hörmüz boğazından neft tankerlərinin hərəkətinin bərpa olunması fonunda enerji bazarlarındakı vəziyyət diqqətdə saxlanılır. 

MONETAR.AZ