Arabika qəhvəsinin qiyməti martdan sonra ilk dəfə 7000 dolları keçib

Arabika qəhvəsinin qiyməti martdan sonra

Dünya birjalarında qəhvə bazarında kəskin bahalaşma qeydə alınıb. Arabika növü üzrə qəhvə fyuçersləri son hərraclarda təxminən 5% yüksələrək mart ayından bu yana ilk dəfə bir ton üçün 7000 dollar həddini keçib.

Məlumata görə, sentyabr fyuçersləri bir mərhələdə 7016 dollar/ton səviyyəsinə qədər yüksəlib, daha sonra isə 6979 dollar/ton ətrafında dəyişib.

Qeyd olunur ki, arabika qəhvəsi ardıcıl dörd həftədir bahalaşır və təkcə son həftə ərzində qiymətlər 10%-dən çox artıb.

Eyni zamanda, robusta qəhvəsi üzrə də artım müşahidə olunub. Sentyabr fyuçersləri 5,76% yüksələrək 3891 dollar/ton səviyyəsinə çatıb.

Analitiklər bu tendensiyanı əsasən əlverişsiz hava şəraiti, tədarük zəncirində risklər və qlobal tələb üzrə qeyri-müəyyənliklə əlaqələndirirlər. Qeyd olunur ki, qəhvə bazarında davam edən bahalaşma yaxın dövrdə istehlak bazarlarında qiymət təzyiqlərini artıra bilər.

MONETAR.AZ