Paytaxt metrosunda sərnişindaşıma artmaqda davam edir. İyun ayında Bakı Metropolitenindən istifadə edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% yüksələrək 18 milyonu ötüb.
"Bakı Metropoliteni" QSC-nin yaydığı məlumata görə, iyun ayında metro ilə ümumilikdə 18 milyondan çox sərnişin daşınıb. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 6,9 faiz artım deməkdir.
Ay ərzində ən çox sərnişin qəbul edən stansiya "Koroğlu" olub. Həmin stansiyadan ümumilikdə 1 milyon 711 min 203 nəfər istifadə edib.
İyunun 1-i isə sərnişindaşıma baxımından ayın ən intensiv günü kimi qeydə alınıb. Həmin tarixdə metro vasitəsilə 752 min 703 sərnişin daşınıb.
Hesabat dövründə NFC və QR bilet sistemləri vasitəsilə ümumilikdə 9 milyon 366 min 674 ödəniş həyata keçirilib. Bu da metrodan ödənişli istifadə edən sərnişinlərin 51,9 faizinin təmassız ödəniş üsullarına üstünlük verdiyini göstərir.
Eyni zamanda, "Əlçatan metro" xidməti çərçivəsində 161 sifariş yerinə yetirilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə xidmətdən istifadə edənlərin sayının 75 faiz artdığını əks etdirir.