Yaponiya gəmiləri Hörmüz boğazını tərk edir

Yaponiya gəmiləri

Yaponiyanın “Mitsui OSK Lines Ltd.” (MOL) şirkətinin idarəçiliyində olan ən azı səkkiz gəmi, o cümlədən bölgədə qalmış son neft tankerlərindən bəziləri Hörmüz boğazını İran yaxınlığından keçən marşrut vasitəsilə tərk edir.

“Bloomberg” və “Equasis” məlumat bazasının gəmi izləmə məlumatlarına əsasən, bu karvana hər biri 2 milyon barrel neft daşımaq gücünə malik beş supertanker (VLCC), iki kimyəvi tanker və bir avtomobildaşıyan gəmi daxildir. Gəmilər konvoy şəklində hərəkət edir. Onlardan bəziləri daha əvvəl də boğazı tərk etməyə cəhd göstərsələr də, sonradan geri qayıtmışdılar.

Müharibə başlamazdan əvvəl qlobal neft ticarətinin təxminən beşdə birinin keçdiyi Hörmüz boğazında İran ötən ay ABŞ ilə əldə olunan müvəqqəti sülh sazişindən sonra nəzarəti gücləndirməyə çalışır. Həftəsonu bir neçə tanker əvvəlcə Oman sahilləri boyunca ABŞ-ın nəzarətində olan marşrutla boğazı keçmək cəhdindən imtina edib. Daha sonra onların bir hissəsi İrana daha yaxın keçid marşrutuna yönələrək boğazı tərk edib. Tehran rəsmiləri dəfələrlə bəyan ediblər ki, yalnız onların icazə verdiyi gəmilərin keçidinə zəmanət veriləcək.

Gəmilər keçidi uğurla başa vurarsa, müharibənin başlanmasından bəri Fars körfəzində qalan iritonnajlı neft tankerlərinin sayı mart ayının əvvəlindəki 100-dən çox gəmi ilə müqayisədə artıq tək rəqəmli göstəriciyə enə bilər.

Dünyanın ən böyük neft və qaz tankeri operatorlarından biri olan MOL şirkəti gəmilərinin təhlükəsiz çıxarılması üçün Tokio vasitəsilə diplomatik dəstək istəyən gəmiçilik şirkətləri sırasında yer alır. Enerji idxalından yüksək dərəcədə asılı olan Yaponiya Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunması üçün İrana dəfələrlə çağırış edib. Yaponiya rəsmiləri münaqişənin müxtəlif mərhələlərində iranlı həmkarları ilə danışıqlar apararaq təhlükəsiz keçid zəmanətlərinin verilməsini istəyiblər.

MOL iyun ayında bəyan etmişdi ki, Hörmüz boğazı vasitəsilə müntəzəm daşımaları yalnız təhlükəsizlik tam təsdiqləndikdən sonra bərpa edəcək. Şirkət əməliyyatların yenidən başlanmasından əvvəl hökumətlər, sığorta şirkətləri və digər aidiyyəti tərəflərlə sıx koordinasiyanın vacibliyini də vurğulamışdı.

MONETAR.AZ