“Uber” Avropada genişlənmə planlarını yenidən nəzərdən keçirir

“Uber” Avropada genişlənmə planlarını yenidən

ABŞ-ın nəqliyyat və çatdırılma xidməti şirkəti "Uber" Avropada "Uber Eats" platformasının genişləndirilməsi planlarının böyük hissəsini müvəqqəti dayandırıb. “Reuters” agentliyinin “Financial Times” qəzetinə istinadən yaydığı məlumata görə, bu qərar şirkətin Almaniyanın "Delivery Hero" şirkətini satın almaq istiqamətində apardığı danışıqlarla əlaqələndirilir.

Məlumata əsasən, "Uber" cari il üçün planlaşdırdığı yeddi yeni Avropa bazarından beşində fəaliyyətə başlamağı təxirə salıb. Genişlənmənin dayandırıldığı ölkələr arasında Avstriya, Norveç və Yunanıstan yer alır. Digər iki bazarın adı isə açıqlanmayıb.

Şirkət ilin əvvəlində Avstriya, Danimarka, Finlandiya, Norveç, Çexiya, Yunanıstan və Rumıniyada "Uber Eats" xidmətini istifadəyə verməyi planlaşdırdığını bildirmişdi. Hesablamalara görə, bu layihənin reallaşması növbəti üç il ərzində ümumi sifariş həcminə əlavə 1 milyard dollar qazandırmalı idi.

Strategiyada baş verən dəyişiklik "Uber"in Avropanın aparıcı yemək çatdırılması şirkətlərindən biri olan "Delivery Hero"nu əldə etmək cəhdləri ilə üst-üstə düşür. May ayında Almaniya şirkəti "Uber"dən hər səhm üçün 33 avro məbləğində satınalma təklifi aldığını təsdiqləmişdi.

Bundan sonra “Reuters” xəbər vermişdi ki, "Uber" investisiya şirkəti "Aspex Management"dən əlavə səhmlər alaraq "Delivery Hero"dakı payını təxminən 25 faizdən 37 faizə yüksəldib. Analitiklər bunu mümkün sövdələşmə ərəfəsində şirkətin mövqeyini gücləndirmək cəhdi kimi qiymətləndirirlər.

"Uber" “Financial Times”a açıqlamasında bildirib ki, Finlandiya və Danimarkada əldə olunan uğurlu nəticələrdən sonra şirkət resurslarını artıq fəaliyyət göstərdiyi bazarlarda mövqelərini daha da möhkəmləndirməyə yönəltmək qərarına gəlib. Bu səbəbdən yeni bazarlara çıxış planlarına yenidən baxılıb.

Hələlik nə "Uber", nə də "Delivery Hero" “Reuters”in məsələ ilə bağlı rəsmi şərh sorğusuna cavab verməyib.

Mütəxəssislərin fikrincə, əgər satınalma baş tutarsa, Avropanın onsuz da yüksək rəqabətə malik yemək çatdırılması bazarında konsolidasiya prosesi daha da sürətlənəcək. Son illər iri investisiyalar və sərt rəqabət şəraitində fəaliyyət göstərən sektor şirkətləri hazırda bazar payını artırmaqla gəlirliliyi qorumaq arasında balans yaratmağa çalışırlar.

MONETAR.AZ