Bakı-Tbilisi-Bakı marşrutunda əlavə yataq vaqonları istifadəyə verilir

Bakı-Tbilisi-Bakı marşrutunda əlavə yataq vaqonları

"AZCON Holding" şirkətlər qrupuna daxil olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin artırılması və Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə artan tələbatın qarşılanması məqsədilə qatarların tərkibinə əlavə yataq tipli vaqonlar qoşacaq.

ADY-nin məlumatına görə, iyulun 10-dan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarların tərkibinə ölkədaxili marşrutlarda istifadə olunan Standart+ sinfinə aid üç yataq tipli vaqon əlavə ediləcək. Bununla hər reys üzrə 104 yeni sərnişin yeri yaradılacaq və ümumi yer sayı 178-dən 282-yə çatdırılacaq. Nəticədə, bir reys üzrə sərnişin tutumu təxminən 60% artacaq.

Əlavə vaqonlara biletlərin satışı artıq başlanıb. Standart+ sinif vaqonlarında gediş haqları hazırda istifadə olunan "Stadler" vaqonları ilə müqayisədə daha münasibdir. Bakı–Tbilisi marşrutu üzrə Standart+ sinfində bilet qiymətləri məsafədən asılı olaraq 40,30 manatdan başlayır.

Bir istiqamət üzrə minimum gediş haqları aşağıdakı kimidir:

  • Bakıdan – 65,20 manat;
  • Yevlaxdan – 53,30 manat;
  • Gəncədən – 49,30 manat;
  • Ağstafadan – 45,30 manat;
  • Böyük Kəsikdən Tbilisi vağzalına – 43,40 manat;
  • Böyük Kəsikdən Qardabani stansiyasına – 40,30 manat.

Müqayisə üçün, hazırda "Stadler" vaqonlarında Bakıdan Tbilisiyə Komfort sinfi üzrə minimum gediş haqqı 79,50 manat, Gəncədən isə 58,20 manat təşkil edir. Yeni vaqonların istismara verilməsi daha çox sərnişinin beynəlxalq marşrut üzrə daha sərfəli qiymətlərlə səyahət etməsinə imkan yaradacaq.

ADY bildirib ki, Standart+ tipli yataq vaqonlarında texniki xüsusiyyətlər nəzərə alınaraq ödənişsiz baqaj norması 36 kiloqram müəyyən edilib. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə bu vaqonlarda səyyar keytrinq (mobil satış) xidməti də təşkil olunacaq.

Şirkətin məlumatına əsasən, 25 may–6 iyul tarixlərində Bakı–Tbilisi–Bakı marşrutu üzrə 25 minə yaxın bilet satılıb, 14 minə yaxın sərnişin daşınıb. Bu sərnişinlərdən 6 356 nəfər Tbilisidən, 4 343 nəfər Bakıdan, 1 112 nəfər Gəncədən, 808 nəfər Yevlaxdan, 520 nəfər isə Ağstafadan qatara minib. Statistikaya görə, marşrut üzrə sərnişinlərin təxminən 40%-i bölgələrin payına düşür.

Qeyd edək ki, ADY-nin son illərdə xidmət coğrafiyasının genişləndirilməsi və sərnişin məmnuniyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər dəmir yolu nəqliyyatına marağın artmasına səbəb olub. Belə ki, cari ilin ilk altı ayında dəmir yolu ilə 5,4 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 20% çoxdur.

ADY bundan sonra da sərnişinlər üçün rahat, əlçatan və təhlükəsiz səyahət imkanlarının genişləndirilməsi istiqamətində tədbirləri davam etdirəcəyini bildirib.