İnkişaf etməkdə olan ölkələrin artan iqtisadi rolunu ifadə etmək üçün BRIC terminini yaradan iqtisadçı Cim O’Nil bildirib ki, BRİKS ölkələrinin gələcəkdə ABŞ dollarına alternativ maliyyə mexanizmləri formalaşdırması artıq real ehtimal kimi qiymətləndirilə bilər. Bu barədə Reuters agentliyi məlumat yayıb.
O’Nil qeyd edib ki, ödəniş texnologiyalarında son illər müşahidə olunan sürətli inkişaf onun Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını birləşdirən BRİKS ölkələrinin alternativ maliyyə infrastrukturu yaratmaq imkanlarına dair baxışını dəyişib.
“Təxminən 18 ay əvvəl BRİKS ölkələrinin alternativ maliyyə aləti yarada biləcəyini fantaziya hesab edərdim”, – deyə o bildirib.
İqtisadçının sözlərinə görə, belə yanaşma uzun illər qlobal maliyyə sistemində ABŞ dollarının dominant mövqeyinin dəyişməz qəbul olunması ilə bağlı idi. Bretton-Vuds sisteminin süqutundan sonra dollar beynəlxalq ehtiyat və ticarət valyutası kimi aparıcı mövqeyini qoruyub.
Bununla belə, O’Nil vurğulayıb ki, dollar hələ də qlobal ehtiyat və beynəlxalq hesablaşmalar üçün əsas valyuta olaraq qalmasına baxmayaraq, dedollarlaşma son illərdə bir çox inkişaf etməkdə olan iqtisadiyyat üçün strateji prioritetə çevrilib.
Goldman Sachs-ın sabiq baş iqtisadçısı hesab edir ki, BRİKS ölkələrinin müxtəlif geosiyasi və iqtisadi maraqları vahid baxışın praktik siyasətə çevrilməsini çətinləşdirir.
“Simvolik əhəmiyyəti çox böyükdür. Lakin konkret nəticələr baxımından Yeni İnkişaf Bankının yaradılmasından başqa diqqətçəkən nümunə göstərmək çətindir”, – deyə O’Nil bildirib.
Hazırda BRİKS ölkələri dollar əsaslı ödəniş sistemlərinə alternativ müxtəlif mexanizmləri müzakirə edir. Bunlara BRICS Pay təşəbbüsü, Hindistanın UPI, Çinin CIPS, Braziliyanın PIX ödəniş sistemlərinin inteqrasiyası, həmçinin mərkəzi bankların rəqəmsal valyutalarının (CBDC) istifadəsi daxildir.
İlkin BRIC formatı ilk sammitini 2009-cu ildə keçirib, 2010-cu ildə isə Cənubi Afrika Respublikası qrupa qoşularaq birliyi BRİKS formatına çevirib. Sonrakı genişlənmə nəticəsində Misir, Efiopiya, İndoneziya, İran və Birləşmiş Ərəb Əmirliklərinin də daxil olduğu BRİKS+ platforması formalaşıb.
Cim O’Nil hazırda Qərb ölkələri ilə BRİKS+ arasında əməkdaşlıq imkanlarını araşdıracaq, xüsusi indekslər və iqtisadi artım proqnozları hazırlayacaq BRICS+ Thinking adlı qeyri-kommersiya analitik platformasının həmtəsisçilərindən biridir.
O’Nilin fikrincə, BRİKS son illərdə beynəlxalq gündəmdə daha çox diqqət mərkəzinə çevrilib.
MONETAR.AZ