Taksi sürücüləri üçün keçiriləcək imtahana qeydiyyat başlayır

Taksi sürücüləri üçün keçiriləcək imtahana

Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və taksi minik avtomobili sürücüsü şəhadətnaməsi almaq istəyən şəxslər üçün avqustun 6-da test imtahanı keçirəcək.

İmtahanda iştirak edəcək namizədlərin məlumatları aidiyyəti qurumlar tərəfindən Dövlət İmtahan Mərkəzinə təqdim edilib. Həmin şəxslər iyulun 7-si saat 16:00-dan iyulun 23-ü saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

Namizədlər ilk olaraq Dövlət İmtahan Mərkəzi-nin elektron kabinet sistemi üzərindən "Şəxsi kabinet" yaratmalı, daha sonra "Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir və qeydiyyat üçün namizədlər şəxsi kabinetlərinə 35 manat vəsait əlavə etməlidirlər. Qeydiyyatdan keçib imtahanda iştirak etməyən şəxslərə ödənilən məbləğ geri qaytarılmır.

Test imtahanı Bakıda Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda (Binəqədi rayonu, S.S. Axundov küçəsi 50, TÜRKPA-nın yanı) və 4 nömrəli tam orta məktəbndə (3-cü mərtəbə) keçiriləcək.

Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat başa çatdıqdan sonra, imtahana üç gün qalmış DİM-in rəsmi saytı vasitəsilə çap edə biləcəklər.

İmtahanın müddəti 1 saatdır. Namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar üzrə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlıq proqramını əhatə edən 20 test tapşırığı təqdim olunacaq.

Hər düzgün cavab 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab ediləcək və onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim olunacaq.