Ankaraya 356 manata, Qarsa 405 manata uçuş

Ankaraya 356 manata,

Azərbaycan Hava Yolları (AZAL) Qars şəhərinə birbaşa reyslərin açılacağını elan edib. Bu addım ilə Qars şəhəri aviaşirkətin Türkiyədəki 9-cu rəsmi istiqaməti kimi marşrut şəbəkəsinə daxil olur.

Rəsmi qrafikə əsasən, Bakı–Qars–Bakı marşrutu üzrə ilk hava reysi 30 iyul 2026-cı il tarixində yerinə yetiriləcəkdir. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə uçuşlar həftədə 2 dəfə olmaqla, hər həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək. Səyahət planlaşdıran şəxslər üçün biletlər artıq rəsmi qaydada satışa çıxarılıb və bu yeni istiqamət üzrə uçuş qiymətləri 405 manatdan başlayır. Müqayisə üçün bildirək ki, həmin günlərdə İstanbula uçuş 470 manata, Ankaraya 356 manata, İzmirə 500-700 manata, Trabzona 350 manata, Antalyaya təxminən 800 manata başa gələcək. Diqqətçəkən məqam odur ki. Bakıdan daha uzaq məsafədə olan Ankaraya uçuş qiymətləri Qarsdan ucuzdur.

Reyslər həm turizm səfərləri, həm işgüzar görüşlər, həm də tələbələr və ailə ziyarətləri üçün çox əlverişli birbaşa nəqliyyat alternativi yaradır.

Türkiyənin şərqində yerləşən Qars şəhəri özünəməxsus memarlığı, zəngin tarixi irsi və qış turizmi potensialı ilə tanınır. Şəhər xüsusilə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Ani xarabalıqları, tarixi Qars qalası və qış mövsümündə minlərlə turisti cəlb edən Sarıqamış xizək kurortu ilə məşhurdur. Sərnişinlər səfər biletlərini rəsmi AZAL internet səhifəsi, şirkətin mobil tətbiqi və ya akkreditə olunmuş bütün turizm agentlikləri vasitəsilə rahatlıqla əldə edə bilərlər.

MONETAR.AZ