7 iyul – Ümumdünya Şokolad Günüdür

7 iyul – Ümumdünya

Dünyanın bir çox ölkəsində 7 iyul Ümumdünya Şokolad Günü kimi qeyd edilir. Bu tarixin 1550-ci ildə şokoladın ilk dəfə Avropaya gətirilməsi ilə əlaqəli olduğu bildirilir. Həmin hadisə şokoladın qitədə yayılmasının başlanğıcı hesab olunur.

Şokoladın tarixi qədim Mayya və Aztek sivilizasiyalarına gedib çıxır. Onlar kakaodan hazırlanan içkini "tanrıların qidası" adlandırırdılar. Sonralar şokolad Avropada geniş yayılıb, XIX əsrdən etibarən isə sənaye üsulu ilə istehsal olunmağa başlayaraq dünyanın ən populyar qida məhsullarından birinə çevrilib.

Məlumatlara görə, hazırda dünyada ildə təxminən 8 milyon ton şokolad istehsal olunur. Qlobal şokolad bazarının həcmi 2024-cü ildə 137 milyard ABŞ dollarına çatıb və bu göstəricinin 2030-cu ilədək 200 milyard ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır.

Adambaşına şokolad istehlakına görə İsveçrə dünyada ilk sırada qərarlaşıb. Bu ölkədə bir nəfər orta hesabla ildə 11 kiloqramdan çox şokolad istehlak edir. Avropada şokolad istehsalında Belçika və İsveçrə aparıcı mövqedədir. Kakao istehsalının əsas hissəsi isə Qərbi Afrika ölkələrinin payına düşür. Fil Dişi Sahili və Qana birlikdə dünya kakao istehsalının təxminən 60 faizini təmin edir.

Mütəxəssislər bildirirlər ki, tünd şokoladın tərkibində olan flavonoidlər ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir, arterial təzyiqin tənzimlənməsinə kömək edir və orqanizmin müdafiə qabiliyyətini dəstəkləyir. Bununla yanaşı, şokoladın serotonin və endorfin hormonlarının səviyyəsini artıraraq əhval-ruhiyyənin yaxşılaşmasına və stressin azalmasına müsbət təsir göstərdiyi qeyd olunur. Bununla belə, sağlam qidalanma baxımından şokoladın normada istehlakı, xüsusilə şəkəri az olan tünd növlərə üstünlük verilməsi tövsiyə edilir.

MONETAR.AZ

.