Ailə büdcəsində artıq xərcləri necə azaltmaq olar?

Ailə büdcəsində artıq xərcləri

Ailə büdcəsini qorumağın ən səmərəli yolu sərt qənaət rejimi deyil, xərclərin planlı şəkildə idarə olunmasıdır. Mütəxəssislərin fikrincə, maliyyə məqsədlərinin müəyyənləşdirilməsi, gündəlik xərclərin izlənilməsi və lazımsız ödənişlərin aradan qaldırılması ailə büdcəsinə qənaət etməyə imkan verir.

Ekspertlər bildirirlər ki, ilk növbədə qənaətin məqsədi müəyyən edilməlidir. Bu məqsəd maliyyə ehtiyatının yaradılması, kredit borclarının bağlanması, mənzil alınması və ya uşaqların təhsili üçün vəsait toplanması ola bilər. Məqsəd konkret məbləğ və vaxt çərçivəsində müəyyənləşdirildikdə ona nail olmaq daha asan olur.

Növbəti mərhələ gəlir və xərclərin təhlilidir. Bunun üçün ailə büdcəsində bütün ödənişlər qeydə alınmalı, xərclər əsas kateqoriyalar üzrə qruplaşdırılmalıdır. Mütəxəssislər qeyd edirlər ki, xərclərin uçotu aparılmadıqda vəsaitin hara sərf olunduğunu müəyyən etmək çətinləşir.

Qənaət üçün ən effektiv addımlardan biri müntəzəm ödənişlərin yoxlanılmasıdır. İstifadə olunmayan rəqəmsal abunəliklər, köhnəlmiş mobil rabitə və internet tarifləri, eləcə də müxtəlif xidmət haqları ailə büdcəsinə əlavə yük yarada bilər. Bu cür ödənişlərin ləğvi aylıq xərclərin azalmasına kömək edir.

Məişət xərclərinin optimallaşdırılması da qənaət baxımından mühüm əhəmiyyət daşıyır. Enerjiyə qənaət edən lampalardan istifadə, elektrik enerjisindən səmərəli yararlanmaq və uzunmüddətli istifadə üçün nəzərdə tutulan məhsulları iri həcmdə almaq xərcləri azaltmağa imkan verir. Ekspertlər endirim kampaniyalarının da hər zaman qənaət demək olmadığını, yalnız həqiqətən ehtiyac duyulan məhsulların alınmasını tövsiyə edirlər.

Qida xərcləri ailə büdcəsinin əsas hissəsini təşkil etdiyindən alış-verişə əvvəlcədən hazırlanmış siyahı ilə getmək, həftəlik menyunu planlaşdırmaq və emosional alışlardan çəkinmək məsləhət görülür. Hazır yeməklər və tez hazırlanan məhsulların əvəzinə evdə hazırlanan yeməklərə üstünlük verilməsi həm qənaət, həm də sağlam qidalanma baxımından faydalıdır.

Ekspertlər nəqliyyat xərclərinin də tam şəkildə hesablanmasının vacibliyini vurğulayırlar. Şəxsi avtomobilin saxlanılması zamanı yanacaqla yanaşı, sığorta, texniki xidmət, parklanma və digər xərclər də nəzərə alınmalıdır. Bəzi hallarda ictimai nəqliyyat, taksi və ya avtomobil paylaşımı xidmətlərindən istifadə daha sərfəli ola bilər.

Bundan əlavə, ailələrə qanunvericiliklə nəzərdə tutulan vergi güzəştlərindən və bankların təklif etdiyi keşbek proqramları ilə faiz gəliri təmin edən maliyyə alətlərindən istifadə etmək tövsiyə olunur. Bu yolla əldə edilən vəsaitin yığım hesabına yönəldilməsi maliyyə ehtiyatının formalaşdırılmasına kömək edir.

Mütəxəssislərin qənaətinə görə ailə büdcəsində davamlı qənaətə nail olmağın əsas şərti həyat keyfiyyətini aşağı salmaq deyil, lazımsız xərcləri müəyyənləşdirərək maliyyə vəsaitindən daha səmərəli istifadə etməkdir.

MONETAR.AZ