2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək

2029-cu ildə Azərbaycanda əhalinin

2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.

Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilməlidir.

Nazirlər Kabineti 2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etməlidir.

Əhalinin siyahıyaalınması ilə bağlı zəruri məlumatların inzibati mənbələrdən əldə edilməsi üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarında və sistemlərində olan müvafiq məlumatlar Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiya olunmalıdır.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycanda əhali 2019-cu ildə siyahıya alınıb.

Rəsmi statistik hesabatlara əsasən, Azərbaycan əhalisinin sayı son illərdə stabil artaraq 10 270 338 nəfərə (may 2026-cı il göstəricisi) çatıb. Cari statistikaya görə, ölkə əhalisinin 54,3 faizi şəhərlərdə, 45,7 faizi isə kənd yerlərində məskunlaşıb. Cins tərkibinə nəzər saldıqda isə nisbətin demək olar ki, bərabər olduğu görünür: kişilər əhalinin 49,8 faizini, qadınlar isə 50,2 faizini təşkil edir. 2029-cu ildə tətbiq ediləcək yeni rəqəmsal inteqrasiya sistemi sayəsində bütün dövlət qurumlarının reyestrləri vahid bazaya birləşdiriləcək və bu rəqəmlər daha operativ şəkildə dəqiqləşdiriləcəkdir.

MONETAR.AZ