Macarıstanda keçirilən ümumi seçkilərin ilkin nəticələrinə əsasən, ölkədə uzun illər davam edən siyasi balans dəyişib. Sandıqların təxminən 72 faizi açıldıqdan sonra Peter Magyarın rəhbərlik etdiyi Tisa Partiyası açıq üstünlüklə lider mövqedə qərarlaşıb.
Rəsmi məlumatlara görə, Tisa Partiyası təxminən 53 faiz səs toplayaraq seçkinin qalibi olub. Hakim Fidesz Partiyası isə 38 faiz səs ilə ikinci yerdə qalıb.
İlkin nəticələrə əsasən, 199 yerlik parlamentdə Tisa Partiyasının 138 mandat əldə etdiyi, Fidesz Partiyasının isə 54 mandatla kifayətləndiyi bildirilir. Üçüncü siyasi qüvvə olan Mi Hazánk Partiyası isə parlamentdə 7 yer qazanıb.
Seçkilərdə iştirak səviyyəsi yüksək olub. Rəqəmlərə görə, səsvermədə iştirak 77 faizdən çox təşkil edib. Xarici nümayəndəliklərdə və uzaqdan səsvermə mexanizmləri vasitəsilə də rekord sayda vətəndaş iştirak edib.
16 ildir ölkəyə rəhbərlik edən Baş nazir Viktor Orban seçkinin nəticələrini qəbul edərək rəqibi Peter Magyara zəng edib və onu təbrik etdiyini bildirib.
Magyar sosial şəbəkədə etdiyi paylaşımda Orbanın telefonla zəng edərək qələbəni təbrik etdiyini qeyd edib. Orban isə mətbuat konfransında nəticələri “net və acı” adlandıraraq, xalqın hökumət formalaşdırmaq səlahiyyətini bu dəfə müxalifətə verdiyini bildirib.
Ekspertlərin fikrincə, bu nəticə Macarıstanda uzun illər davam edən siyasi dominantlığın sona çatması və yeni idarəetmə modelinə keçid kimi qiymətləndirilə bilər.
MONETAR.AZ