ABŞ Prezidenti Donald Tramp Nvidia şirkətinin həmtəsisçisi Censen Huanqın baş direktor vəzifəsinə qayıtmasına etiraz etməyəcəyini açıqlayıb. Onun bu bəyanatı şirkətin rəhbərinin istefasından sonra mümkün şəxsi əlaqələr və milli təhlükəsizlik riskləri ilə bağlı araşdırmaların davam etdiyi bir vaxta təsadüf edib.
Tramp bu gün Asiyaya səfərə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında Huanqın yenidən Nvidia-ya rəhbərlik etməsi ehtimalını müsbət qarşıladığını bildirib. ABŞ Prezidenti bunun “pis fikir olmadığını” və belə bir qərara etiraz etməyəcəyini qeyd edib.
Censen Huanq noyabrın 12-də Nvidia-nın baş direktoru və direktorlar şurasının üzvü vəzifələrindən istefa verib. Bununla da onun dünyanın aparıcı çip istehsalçılarından birinə 33 illik rəhbərliyi başa çatıb.
İstefadan əvvəl Huanqın Sinqapurun Megaspeed International şirkətinin keçmiş əməkdaşı Elis Huanqla ehtimal olunan romantik münasibətləri barədə məlumatlar yayılıb. Həmin şəxsin Çin kəşfiyyatı ilə əlaqələrinin ola biləcəyi iddia edilir. Bundan əlavə, Huanqın birbaşa tabeliyində çalışan Nvidia əməkdaşı ilə də ayrıca münasibətinin olduğu barədə xəbərlər ortaya çıxıb.
Yayılan məlumatlardan sonra Nvidia-nın direktorlar şurası məsələ ilə bağlı araşdırmaya başlayıb. Şirkət daimi baş direktorun axtarışına start verib, maliyyə direktoru Kolett Kress isə müvəqqəti olaraq rəhbər vəzifəsini icra etmək üçün təyin olunub.
Tramp Huanqın milli təhlükəsizlik üçün təhlükə yaratdığına dair iddiaları rədd edib. O, keçmiş rəhbərin ABŞ-ın milli maraqlarını risk altına qoymadığını bildirərək, onun müdafiəsinə qalxıb. Prezident, həmçinin Nvidia-nın qabaqcıl Blackwell çiplərinin Çinə satışına icazə verilmədiyini vurğulayıb.
“O, yaxşı dərs aldı”, – deyə Tramp bildirib. Onun sözlərinə görə, Huanq həmin çipləri Çinə satmaq istəyib. ABŞ Prezidenti Asiyaya səfəri çərçivəsində bu məsələni Çin Xalq Respublikasının Sədri Si Cinpinlə müzakirə edə biləcəyini də istisna etməyib.
Bununla yanaşı, Tramp Huanqın şəxsi davranışını tənqid edib. O, Elis Huanqla ehtimal olunan münasibəti nəzərdə tutaraq, Nvidia-nın keçmiş rəhbərinin belə addım atmamalı olduğunu söyləyib. Prezident eyni zamanda Huanqın Çin casusu olduğuna dair heç bir sübutun ortaya qoyulmadığını qeyd edib.
Trampın açıqlamaları Censen Huanqın Nvidia-ya qayıtmaq imkanını nəzərdən keçirdiyi və onun tərəfdarlarının şirkətin direktorlar şurasını bu istiqamətdə qərar verməyə razı salmağa çalışdığı barədə məlumatların yayıldığı bir vaxta təsadüf edir. Hələlik onun rəhbərliyə qayıdıb-qayıtmayacağı ilə bağlı yekun qərar açıqlanmayıb.
MONETAR.AZ