Trampın İranla bağlı açıqlaması turizm bazarına necə təsir edəcək?

Trampın İranla bağlı açıqlaması

ABŞ Prezidenti Donald Trampın İranla atəşkəs rejiminin artıq qüvvədə olmadığını bəyan etməsi Yaxın Şərqdə gərginliyin yenidən artacağı ilə bağlı narahatlıqları gücləndirib. Bunun fonunda turizm və aviasiya sektorunda mümkün təsirlər diqqət mərkəzinə düşüb.

MONETAR.AZ xəbər verir ki, ABŞ-ın İranın Sirik, Bəndər-Abbas şəhərlərinə və Keşm adasına zərbələr endirməsindən sonra bölgədə təhlükəsizlik riski yenidən artıb. İran tərəfi isə ABŞ-ın Bəhreyn və Küveytdəki hərbi bazalarına cavab zərbələri endirdiyini açıqlayıb.

Artan gərginlik fonunda Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətlərə avqustun 31-dək İran, İraq və Livanın hava məkanından istifadə etməməyi tövsiyə edib. Bununla belə, Rusiya və bir sıra ərəb ölkələrinin aviaşirkətləri hazırda uçuşlarını əvvəlki qaydada davam etdirirlər.

Turizm sektorunun nümayəndələri hesab edirlər ki, vəziyyətin daha da gərginləşməsi halında bəzi marşrutların dəyişdirilməsi, uçuş müddətlərinin uzanması və bilet qiymətlərində artım müşahidə oluna bilər. Hazırkı mərhələdə isə kütləvi reys ləğvləri və ya məşhur turizm istiqamətlərinə ciddi təsir qeydə alınmayıb.

Mütəxəssislər qeyd edirlər ki, hadisələrin gələcək inkişafı Yaxın Şərqdə təhlükəsizlik vəziyyətindən və diplomatik danışıqların nəticələrindən asılı olacaq.