Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr

Beynəlxalq Valyuta Fonduna

2026-cı ilin oktyabr ayının əvvəlinə Argentinanın Beynəlxalq Valyuta Fonduna (BVF) borcu 56,8 milyard dollar təşkil edib. Bu, reytinqdə ikinci yerdə olan Ukraynanın borcundan təxminən 4 dəfə çoxdur.

Monetar.az xəbər verir ki, “Visual Capitalist”in BVF-nin rəsmi məlumatları əsasında hazırladığı siyahıda Argentina ilk sırada qərarlaşıb.

Ukraynanın fonda borcu 14,4 milyard dollar, Pakistanın 10,8 milyard dollar, Misirin 10,6 milyard dollar, Ekvadorun isə 9,4 milyard dollar olub.

İlk beşlikdən sonra Kot-d’İvuar 5,6 milyard dollarla, Qana 4 milyard dollarla, Banqladeş 3,9 milyard dollarla, Keniya 3,8 milyard dollarla və Konqo Demokratik Respublikası 3,3 milyard dollarla sıralanıb.

Borcun ÜDM-ə nisbətinə görə də Argentina ön sıralardadır. Ölkənin BVF qarşısında öhdəliyi 2026-cı il üçün proqnozlaşdırılan ÜDM-in 8,2%-nə bərabərdir. Ekvadorda bu göstərici 6,8%, Ukraynada isə 6,4% təşkil edir.

Argentinanın yüksək borc yükü uzun illərdir davam edən valyuta böhranları, yüksək inflyasiya və beynəlxalq maliyyə bazarlarına çıxışla bağlı çətinliklərlə əlaqələndirilir. Ölkə 2025-ci ilin aprelində BVF ilə 20 milyard dollarlıq yeni maliyyələşdirmə proqramı üzrə razılığa gəlib.

Ukraynanın borclanması isə müharibənin dövlət maliyyəsinə yaratdığı təzyiqlərlə bağlıdır. Pakistanın BVF proqramları əsasən vergi gəlirlərinin artırılması, valyuta ehtiyatlarının gücləndirilməsi və dövlət maliyyəsinin yaxşılaşdırılmasına yönəlib.