Mərkəzi bankların sentyabr ayında qızıl alışları 2024-cü ilin noyabrından bəri ən yüksək aylıq göstəriciyə çatıb. “Financial Times”ın məlumatına görə, qızılın qiyməti çərşənbə günü 2% ucuzlaşaraq bir troya unsiyası üçün 4 075 dollara düşsə də, bir sıra fond menecerləri yaxın dövrdə qiymətli metalın yenidən bahalaşacağını proqnozlaşdırırlar.
Qızılın qiyməti yanvar ayında bir troya unsiyası üçün 5 500 dolları ötərək tarixi maksimuma çatıb. Sonrakı korreksiyaya baxmayaraq, qiymətlər uzunmüddətli müqayisədə yüksək səviyyədə qalır.
Ümumdünya Qızıl Şurasının (WGC) ilkin məlumatlarına əsasən, mərkəzi banklar sentyabr ayında təxminən 63 ton qızıl alıblar. Bu, təxminən son iki ilin ən yüksək aylıq göstəricisidir. İnstitusional investorlar və sənaye nümayəndələri qızılın uzunmüddətli perspektivləri ilə bağlı nikbin mövqedədirlər.
“Troy Asset Management” şirkətinin nümayəndəsi Şarlotta Yanq qızılın qarşıdakı 12–18 ay ərzində yeni tarixi maksimuma çatacağını gözləyir. Onun fikrincə, qiymətli metal dövlət maliyyəsinin pisləşməsi, xüsusilə ABŞ-ın dövlət borcunun artması və mümkün resessiya şəraitində pul kütləsinin genişləndirilməsi risklərindən qorunmaq üçün mühüm aktivdir.
Yanq həmçinin inkişaf etməkdə olan ölkələrin dollar ehtiyatlarına alternativ kimi avro və ya yen əvəzinə qızıla daha çox üstünlük verdiyini bildirir.
“Aon Investments” şirkətindən Pol Karn isə yeni qiymət rekordunun iki il ərzində qeydə alına biləcəyini ehtimal edir. Onun sözlərinə görə, Vaşinqtonun dollardan təzyiq vasitəsi kimi istifadə etməsi digər ölkələri dollar ehtiyatlarını azaltmağa və qızıla yönəlməyə sövq edir.
“Allied Gold” şirkətinin nümayəndəsi Piter Marrone dünyada yeni maliyyə böhranının baş verməsi ehtimalını da istisna etmir. O qeyd edir ki, makroiqtisadi vəziyyətin pisləşməsi fonunda bəzi ailə ofisləri dövlət istiqrazlarından qızıla keçirlər.
“Endeavour Mining” şirkətindən İən Kokerill də qızılın qiymətini dəstəkləyən fundamental amillərin güclü olduğunu düşünür. Onun fikrincə, iqtisadi artım perspektivlərinin zəifləməsi, fiat valyutalara inamın azalması və mərkəzi bankların milli valyutalarını qorumaq cəhdləri qiymətli metal üçün əlverişli şərait yaradır.
Kokerill 4 000 dollar səviyyəsinin qəti qiymət minimumu olacağına əmin olmadığını bildirsə də, bazarın növbəti bahalaşma mərhələsinə yaxınlaşdığını hesab edir.
“Standard Chartered” bankının analitiki Syuki Kuperin sözlərinə görə, ABŞ və İsrailin İranla münaqişəsinin başlamasından sonra bəzi ölkələr likvidlik əldə etmək məqsədilə qızıl satsalar da, mərkəzi bankların ümumi tələbatı yüksək olaraq qalır.
Çin Xalq Bankı (PBOC) da son aylarda qızıl ehtiyatlarını ardıcıl şəkildə artırmağa davam edib. Ümumdünya Qızıl Şurasının məlumatlarına görə, qızıl Çin mərkəzi bankının ümumi valyuta ehtiyatlarının təxminən 9%-ni təşkil edir. Bu göstərici təxminən 2 410 tona bərabərdir.
Mərkəzi bankların davam edən alışları və investorların qızıla marağı qiymətli metalın uzunmüddətli perspektivlərini dəstəkləyən əsas amillər sırasındadır. Bununla belə, ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti, dolların məzənnəsi və qlobal iqtisadi vəziyyət qiymətlərin gələcək istiqamətinə təsir göstərə bilər.
MONETAR.AZ