Beynəlxalq Valyuta Fondunun (BVF) sözçüsü Culi Kozak Orta Şərqdəki gərginliyin qlobal iqtisadiyyata təsiri ilə bağlı açıqlama verib.
BVF rəsmisi bildirib ki, regionda baş verən hadisələrin iqtisadi nəticələri əsasən münaqişənin müddəti və şiddətindən asılı olacaq. Onun sözlərinə görə, xüsusilə enerji qiymətlərində uzunmüddətli artım qlobal inflyasiyanın yüksəlməsinə və istehsalın azalmasına səbəb ola bilər.
Qeyd olunub ki, hazırda Hörmüz boğazı ətrafında yaranan vəziyyət dünya neftinin və dəniz yolu ilə daşınan mayeləşdirilmiş təbii qazın təxminən 20 faizinə çıxışı məhdudlaşdırıb. Körfəz regionunda və İranda enerji infrastrukturuna ziyan dəyməsi neft və qaz hasilatında fasilələr yaradıb.
BVF nümayəndəsi vurğulayıb ki, son bir ay ərzində neft və qaz qiymətləri 50 faizdən çox artıb. Eyni zamanda, gübrə daşımalarında yaranan çətinliklər və nəqliyyatdakı aksaklıqlar qlobal ərzaq qiymətlərinin yüksəlməsi riskini artırır.
İnflyasiya ilə bağlı danışan Kozak bildirib ki, enerji qiymətlərinin yüksək səviyyədə qalması ümumi inflyasiyanı artıracaq. Onun sözlərinə görə, tarixən neft qiymətlərində hər 10 faizlik artım qlobal inflyasiyanı təxminən 0,4 faiz bəndi yüksəldə, qlobal istehsalı isə 0,1–0,2 faiz azalda bilər.
Maliyyə bazarlarında da artıq təsirlər müşahidə olunur. Belə ki, səhm qiymətlərində azalma, inkişaf etmiş ölkələrdə istiqraz gəlirliliyində artım, ABŞ dollarının möhkəmlənməsi və inkişaf etməkdə olan ölkələrin valyutalarının zəifləməsi qeydə alınıb.
BVF rəsmisi əlavə edib ki, mərkəzi banklar enerji qiymətlərindəki artım fonunda xüsusilə inflyasiya gözləntilərini diqqətlə izləməlidirlər.
İlkin qiymətləndirmələrə əsasən, Orta Şərqdəki vəziyyət Körfəz Əməkdaşlıq Şurası ölkələrinin iqtisadi artım tempini zəiflədə bilər. Bununla belə, yüksək enerji qiymətləri bəzi hallarda istehsaldakı azalmanı qismən kompensasiya edə bilər.
BVF rəsmisi qeyd edib ki, vəziyyət diqqətlə izlənilir və zərurət yaranarsa, üzv ölkələrə maliyyə dəstəyi göstərməyə hazırdırlar.
MONETAR.AZ