Yaponiyada benzin qiymətlərinin kəskin artımı iqtisadiyyat üçün sınaq sayılır

Yaponiyada benzin qiymətlərinin kəskin artımı iqtisadiyyat üçün

Yaxın Şərqdəki münaqişə yanacaq sektoruna təsirini getdikcə gücləndirir. Benzin qiymətləri təkcə Avropada deyil, Asiyada da yüksəlir. Bu həftə oxşar problemlə Yaponiya üzləşib.

Ölkədə yanacaq qiymətləri rekord səviyyəyə çatıb və bu, hazırda populyar olan baş nazir Sanae Takaichi üçün ciddi sınağa çevrilib. O, yapon ailələrini bahalaşmanın təsirindən qorumaq üçün kampaniya aparır və yanacaq bazarındakı vəziyyət onun rəhbərliyi üçün mühüm test kimi qiymətləndirilir.

Yaponiya xam neft tədarükündə Yaxın Şərqdən ciddi şəkildə asılıdır. Bugün neftin qiyməti bir barel üçün 114 dolları keçib. Ölkənin İqtisadiyyat Nazirliyinin məlumatına görə, bazar ertəsi Yaponiyada benzinin orta pərakəndə qiyməti 191 yenə (təxminən 1,20 dollar/litr) yüksəlib. Bu isə əvvəlki həftə ilə müqayisədə 18% artım deməkdir.

The New York Times yazır ki, yanacaq qiymətlərindəki bu kəskin artım Yaxın Şərqdə müharibənin genişlənmə riskini göstərir. Bu vəziyyət yapon ailələrinin büdcəsinə mənfi təsir göstərə və ötən ay növbədənkənar seçkilərdə “vətəndaşların rifahını qorumaq” vədi ilə qalib gəlmiş Takaiçinin siyasi mövqeyini zəiflədə bilər. Həmin gün o, ABŞ prezidenti Donald Trump ilə Ağ Evdə görüşəcək. Bu, onun baş nazir kimi Vaşinqtona ilk səfəri olacaq.

Müharibədən əvvəl isə Yaponiyada inflyasiya son aylarda azalmaqda idi, halbuki üç ildən çox müddətdə bu göstərici mərkəzi bankın 2%-lik hədəfindən yüksək olmuşdu.

Enerji qiymətlərinin artımı və təklif çatışmazlığına cavab olaraq Yaponiya hökuməti bir sıra tədbirlər görür. Cümə axşamı qüvvəyə minəcək dövlət subsidiyaları benzinin qiymətini təxminən 170 yen/litr səviyyəsinə endirməyi hədəfləyir. Hökumət eyni zamanda daxili təchizatı artırmaq üçün strateji neft ehtiyatlarının bir hissəsinin bazara buraxılmasına da icazə verib.

MONETAR.AZ