BVF qlobal iqtisadi artım proqnozunu aşağı salıb

BVF qlobal iqtisadi artım proqnozunu

Beynəlxalq Valyuta Fondu (IMF) İran müharibəsinin yaratdığı enerji qiymət artımı və tədarük zəncirindəki pozuntular səbəbindən dünya iqtisadiyyatı üzrə artım proqnozunu azaldıb. Fond xəbərdarlıq edir ki, əgər münaqişə dərinləşər və neft qiymətləri 2027-ci ilə qədər 100 dollardan yuxarı qalarsa, qlobal iqtisadiyyat resessiyaya yaxınlaşa bilər.

Vaşinqtonda keçirilən yaz iclaslarında IMF üç ssenari təqdim edib: baza, mənfi və ağır ssenari. Bu ssenarilər Yaxın Şərqdəki münaqişənin inkişafından asılı olaraq formalaşdırılıb.

Ən optimist baza ssenariyə görə, müharibə qısa müddətli olarsa, 2026-cı ildə qlobal ÜDM artımı 3,1% təşkil edəcək. Bu göstərici yanvar proqnozu ilə müqayisədə 0,2 faiz bəndi aşağıdır. Həmin ssenaridə neftin orta qiymətinin 2026-cı ildə 82 dollar/barel olacağı nəzərdə tutulur (hazırda Brent xam nefti qiymətləri təxminən 100 dollar civarındadır).

Fond qeyd edir ki, əgər Yaxın Şərqdə münaqişə olmasaydı, iqtisadi artım proqnozu 3,4%-ə qədər yüksələ bilərdi. Bu artım texnologiyalara investisiyalar, faiz dərəcələrinin azalması və bəzi ölkələrdə fiskal dəstək hesabına təmin olunardı.

IMF-in baş iqtisadçısı Pier-Olivye Gourinchas bildirib ki, hazırkı müharibə qlobal iqtisadiyyat üçün ABŞ-ın əvvəlki tariflərindən daha böyük risk yaradır:

“Fars körfəzi regionunda baş verənlər potensial olaraq daha geniş miqyaslı təsirlərə malikdir və bizim ssenarilər də bunu göstərir.”

MONETAR.AZ