Geosiyasi təzyiqlər və uzunmüddətli iqtisadi sanksiyalar İranın beynəlxalq ticarət əlaqələrini məhdudlaşdıraraq əsasən məhdud sayda tərəfdaş ölkə ilə əməkdaşlıq etməsinə səbəb olub. Ümumdünya Ticarət Təşkilatının (ÜTT) “Trade Data Monitor” platformasının son məlumatları İranın əsas ixrac istiqamətlərini əks etdirir.
Məlumata görə, 2025-ci ildə İranın ümumi ixrac həcmi 56 milyard ABŞ dolları təşkil edib. Bu göstəricinin təxminən 26 faizi və ya 14,57 milyard dolları Çinin payına düşür. Bununla da Çin İranın ən böyük ticarət tərəfdaşı olaraq qalır. İkinci yerdə 11,69 milyard dollarla İraq, üçüncü yerdə isə 7,16 milyard dollarla Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb. Türkiyə (6,09 milyard dollar) və Əfqanıstan (2,29 milyard dollar) ilk beşliyi tamamlayır.
İranın əsas ixrac bazarlarının coğrafiyası göstərir ki, ilk onluqda yer alan ölkələrin səkkizi Asiya və Yaxın Şərq regionuna daxildir. Pakistan, Hindistan və Azərbaycan kimi ölkələrlə ticarət həcmi nisbətən aşağı olsa da, geosiyasi baxımdan əhəmiyyətli hesab olunur. Avropa istiqamətində ixrac isə son dərəcə məhduddur və ilk onluqda yalnız Rusiya (1,05 milyard dollar) yer alıb.
Ekspertlər qeyd edirlər ki, İranın ixrac strukturunda neft və enerji resurslarının üstünlük təşkil etməsi ticarət əlaqələrinin formalaşmasında əsas rol oynayır. Xüsusilə Çin ABŞ sanksiyalarına və diplomatik gərginliyə baxmayaraq, İran enerjisinin əsas alıcılarından biri olaraq qalır.
Bu arada, 2026-cı ilin yanvarında ABŞ İranla əhəmiyyətli ticarət əlaqələrini davam etdirən ölkələrə qarşı 25 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb. Yeni tədbirlər əsasən İraq, BƏƏ və Türkiyə kimi ölkələri hədəf alır. Analitiklərin fikrincə, bu addım İranın iqtisadi təcridini dərinləşdirməklə yanaşı, ABŞ-ın regiondakı tərəfdaşları ilə münasibətlərində də gərginlik yarada bilər.
Qeyd olunur ki, yüksək inflyasiya, milli valyutanın dəyərdən düşməsi və investisiya çatışmazlığı fonunda ixrac İran iqtisadiyyatı üçün əsas valyuta mənbələrindən biri olaraq qalır.
Monetar.az